SİYASƏT
Babək Rayon Mərkəzi Xəstəxanasında Milli Qurtuluş Günü münasibətilə elmi-praktik konfrans keçirilmişdir
Bakı, 13 iyun (AZƏRTAC). Babək Rayon Mərkəzi Xəstəxanasında Milli Qurtuluş Günü münasibəti ilə “Heydər Əliyev və səhiyyənin inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən xəstəxananın baş həkimi Xəlil Cəfərəliyev demişdir ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Azərbaycan xalqı üçün böyük bir bayram, möhtəşəm bir tarixi hadisədir.
Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın intibahı üçün çalışmış, Azərbaycan xalqının, Azərbaycan torpağının adını bütün dünyada uca zirvələrə yüksəltmiş, doğma Vətənini hər yerdə ləyaqətlə təmsil etmişdir.
Ulu öndərin qayıdışından sonra Azərbaycan fəlakət və xaosdan xilas olmuş, dövlət çevrilişlərinə cəhdlərin qarşısı alınmışdır. 1994-cü ildə “Əsrin müqavilə”si imzalanmış, Azərbaycana dünyanın ən iri neft şirkətləri böyük həcmdə investisiya qoymuş və iqtisadiyyat inkişaf istiqamətinə yönəldilmişdir.
Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründə ölkənin səhiyyəsinin inkişafı, insanların sağlamlığının qorunması istiqamətində də böyük işlər görülmüşdür.
Heydər Əliyevin siyasi kursu bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikanın hər yerində yeni tibb müəssisələri inşa edilir, yenidən qurulur və ən müasir avadanlıqlarla təchiz edilir. Eləcə də muxtar respublikada, o cümlədən Babək rayonunda əhalinin sağlamlığının qorunması istiqamətində mühüm işlər həyata keçirilmiş, yeni tibb ocaqları inşa olunmuş, maddi-texniki bazaları möhkəmləndirilmişdir.
Baş həkim bildirmişdir ki, hazırda Babək qəsəbəsində rayon Mərkəzi Xəstəxanası üçün dördmərtəbəli, üç korpuslu binanın tikilməsi muxtar respublikada səhiyyəyə göstərilən dövlət qayğısını təsdiq edir. Bütün bunlar isə o deməkdir ki, insanların sağlamlığı dövlətin, cəmiyyətin ən qiymətli sərvətidir.
Tədbirdə çıxış edən digər həkimlər də ulu öndərin siyasi və dövlətçilik fəaliyyətindən danışmışlar.