İQTİSADİYYAT
Badamdar qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
Bakı, 1 iyul, AZƏRTAC
İyulun 1-2-də Badamdar qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Kür-Bakı magistral su xəttindən ayrılan və Səbail rayonu Badamdar qəsəbəsini içməli su ilə təmin edən 2 ədəd magistral xəttin birinin çətin relyef şəraitindən keçən hissəsində qəza baş verib. Bununla əlaqədar Badamdar qəsəbəsinin bir hissəsinin su təchizatında fasilə yaranıb. Hazırda əraziyə xüsusi texnika və işçi qüvvəsi cəlb olunaraq qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür. Qəza-bərpa işlərinin çətin relyef şəraitində aparılması nəzərə alınaraq iyulun 1-2-də Badamdar qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.