ELM VƏ TƏHSİL
“Bahar çələngi” layihəsi çərçivəsində şəhid övladlarının iştirakı ilə bayram tədbiri təşkil olunub
Bakı, 17 mart, AZƏRTAC
Bakıda yerləşən Məktəb-Lisey Kompleksində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şəhid övladlarının iştirakı ilə “Qələbə ətirli Novruz” adlı bayram tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib.
Məktəb-Lisey Kompleksinin direktoru Esmira Quliyeva xalqımızın milli ruhunu, mənəvi-əxlaqi dəyərlərini özündə yaşadan Novruz bayramı ənənələrini gələcək nəsillərə aşılamağın vacibliyindən danışıb. Bildirib ki, tədbir, eyni zamanda, 30 illik həsrətdən sonra bayram tonqallarının doğma yurd yerlərimizdə alovlanmasının səbəbkarları olan Vətən müharibəsi şəhidlərinə sonsuz minnətdarlıq, vəfa borcumuzun göstəricisidir.
BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov çıxış edərək əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə əks etdirən Novruz bayramının insanlar arasında birlik və bərabərliyin möhkəmləndirilməsi, onların biri-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər üzərində bərqərar olduğunu söyləyib.
Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi Gülşən Yaqubova və digər çıxış edənlər çoxəsrlik Novruz ənənələri, ümumilikdə milli-mədəni dəyərlərimiz barədə şagirdləri məlumatlandırmaq, onları keçmişimizə məhəbbət ruhunda tərbiyə etmək işində belə tədbirlərin əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, “Qələbə ətirli Novruz” adlı bayram tədbiri BŞTİ-nin təşəbbüsü ilə reallaşan “Bahar çələngi” layihəsi çərçivəsində keçirilib. Bayram şənliyində şagirdlər bahar bayramına aid mahnılar oxuyub, şeirlər səsləndirib, maraqlı səhnəciklər nümayiş etdiriblər.