MƏDƏNİYYƏT
BAK-ın üzvləri Hollandiyada açılmış sərgidə Azərbaycan pavilyonuna baş çəkmişlər
Paris, 20 iyun (AZƏRTAC). Mərkəzi ofisi Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən bildirmişlər ki, Niderland Krallığının Venlo şəhərində turizmlə bağlı “Florida-2012” Beynəlxalq sərgisi açılmışdır.
On ildən bir keçirilən sərgidə dünyanın 37 ölkəsi və onlarla beynəlxalq təşkilat iştirak edir. Azərbaycan ilk dəfə belə bir mötəbər sərgidə təmsil olunur.
Sərgi şəhərciyinin mərkəzində Azərbaycan üçün 700 kvadratmetrlik sahə ayrılmışdır. Hollandiyanın Ticarət və Sənaye Palatası tərəfindən ölkəmizin milli çalarlarını əks etdirən geniş və yaraşıqlı pavilyon quraşdırılmışdır.
Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımovun rəhbərliyi altında idarə heyətinin üzvləri ölkəmizin pavilyonuna baş çəkmişlər. Pavilyonun əməkdaşı Nigar Hənifəyeva BAK-ın üzvlərinə məlumat vermişdir ki, sərgidə Azərbaycanın tarixi, zəngin mədəniyyəti və incəsənəti ilə bağlı eksponatlar, habelə xalçalar, misgərlik və dulusçuluq məmulatları, xatirə nişanları, ölkəmizin turizm imkanlarından bəhs edən broşür və kitablar nümayiş etdirilir.
Bakının tarixi və mədəni abidələrindən, ayrı-ayrı regionların təbiət mənzərələrindən bəhs edən sənədli filmlərin nümayişi və müxtəlif videoçarxlar sərgi iştirakçılarının xüsusi marağına səbəb olmuşdur. Bu marağın nəticəsidir ki, hər gün pavilyonumuza 5 minə yaxın hollandiyalı baş çəkir. Onlar ölkəmizin tarixinə, mədəniyyətinə, xüsusilə xalçaçılq və misgərlik sənətlərinə heyran olduqlarını bildirirlər. Hollandiyalılar Bakının “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahiblik etdiyini, belə möhtəşəm tədbiri ilk
dəfə müşahidə etdiklərini xatırladır, Azərbaycanın müxtəlif sahələrinə dair çoxsaylı suallar verirlər.
Sonda N. Hənifəyeva bildirmişdir ki, sərgi 6 ay davam edəcək və sentyabrın 1-də burada Azərbaycan Respublikasının Milli Günü qeyd olunacaqdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris