İQTİSADİYYAT
“Bakcell CİN” abunəçiləri balanslarını bankomatlar vasitəsilə artıra bilərlər
Bakı, 10 avqust (AZƏRTAC). Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” şirkəti CİN abunəçiləri üçün yeni xidmətini təqdim etmişdir. Müştərilərin rahatlığını təmin etmək və onların artan tələblərinə cavab vermək məqsədilə “bankomatlar vasitəsilə balansın artırılması” xidməti işə salınmışdır.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, yeni xidmət abunəçilərə, AzeriCard və ya KapitalCard sistemləri üzərindən işləyən bankomatlardan istifadə etməklə, balansa istənilən məbləğdə vəsait qoymaq imkanını yaradır.
Bankomat vasitəsilə balansı artırmaq üçün abunəçilər plastik kartlarından istifadə etməlidirlər. Abunəçi sadəcə mobil telefonunun nömrəsini və balansına əlavə etmək istədiyi istənilən məbləği daxil etməlidir. Ödəniş başa çatan kimi vəsait abunəçinin balansına keçir və o, bu barədə SMS bildiriş alır.
Qeyd edək ki, Klass və Gold abunəçiləri “bankomatlar vasitəsilə balansın artırılması” xidmətindən xeyli müddətdir ki, istifadə edirlər. İndi CİN abunəçiləri üçün də bu xidmət istifadəyə verilmişdir. Xidmət sayəsində abunəçilər balanslarını artırmaq üçün məbləğin seçimində sərbəstdirlər və hətta çox kiçik büdcə ilə belə, ünsiyyətdə qala bilərlər.