ELM VƏ TƏHSİL
“Bakı-2015” birinci Avropa Oyunlarında uğur qazanan gənclər Bakı Dövlət Universitetində
Bakı, 19 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) “Bakı-2015” birinci Avropa Oyunlarında şotokan karate do idman növü üzrə qızıl medal qazanmış, BDU-nun tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin 2014-cü il məzunu Ayxan Mamayev və Avropa Oyunlarında uğurlu çıxışı ilə fərqlənən, filologiya fakültəsinin tələbəsi Fəridə Abiyeva ilə görüş keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov “Bakı-2015” birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsini tarixi hadisə, böyük nailiyyət və uğurumuz adlandırıb.
Ümummilli lider Heydər Əliyevin idmanın inkişafına daim böyük önəm verdiyini vurğulayan rektor Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.
Akademik A.Məhərrəmov “Bakı-2015” birinci Avropa Oyunlarının respublikamızda keçirilməsində Prezident İlham Əliyev və Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərini diqqətə çatdırıb.
Avropa Oyunlarında BDU-nun üç min tələbəsinin könüllü kimi iştirak etdiyini xatırladan rektor A.Mamayev və F.Abiyevanı təbrik edib, onlara uğurlar arzulayıb.
Sonra gənclərə universitetin xatirə hədiyyələri təqdim olunub.