İQTİSADİYYAT
“Bakı-2015” paytaxtda yol hərəkəti təhlükəsizliyi kampaniyası məqsədilə Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq edir
Bakı, 22 may, AZƏRTAC
“Bakı-2015” iyunun 12-də başlayacaq Avropa Oyunlarından əvvəl paytaxtda sürücülər və piyadalar üçün yol hərəkəti təhlükəsizliyinin təbliği ilə bağlı Nəqliyyat Nazirliyinin həyata keçirdiyi yeni nəqliyyat kampaniyası təşəbbüsünü dəstəkləyir.
“Bakı-2015”dən AZƏRTAC-a bildiriblər ki, yol hərəkəti təhlükəsizliyi məsələləri barədə ictimai məlumatlılığı artırmaq məqsədi daşıyan kampaniya, sürücüləri və piyadaları təhlükəsizlik qaydaları haqqında təlimatlandırmaq üçün təşkil olunur.
Bu kampaniya sürücüləri və piyadaları mövcud yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl etməyə, sürücüləri xüsusi olaraq sürət həddini aşmaqdan, nəqliyyat vasitəsini təhlükəli idarə etməkdən yayınmağa və təhlükəsizlik kəmərini bağlamağa həvəsləndirmək məqsədi daşıyır. Piyadalara isə, yolu yalnız piyadalar üçün müəyyənləşdirilmiş xüsusi piyada keçidlərindən istifadə edərək və müvafiq nişanlara əməl olunaraq keçməyin vacibliyi xatırladılır.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) bu yeni təşəbbüsə dəstəyini şərh edən BAOƏK-in nəqliyyat şöbəsinin direktoru Panayotis Protopsaltis qeyd edib: “Biz, Nəqliyyat Nazirliyinin Bakıda yol təhlükəsizliyini təbliğ etmək üçün irəli sürdüyü yeni təşəbbüsünü dəstəkləyir, sürücülər və piyadalar arasında yollarda təhlükəsiz hərəkət barədə məlumatlılığı artırmaq məqsədilə Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq edəcəyimizə ümid edirik”.
Nəqliyyat nazirinin müavini Musa Pənahov isə qeyd edib: “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində paytaxtın yol-nəqliyyat infrastrukturu əsaslı surətdə təkmilləşdirilib. Yeni tikilmiş və təmir olunmuş yollar, yeni alınmış nəqliyyat vasitələri idmançıların, rəsmi heyətlərin və tamaşaçıların rahat və təhlükəsiz daşınmasına şərait yaratmaqla yanaşı, Bakıya bir miras olaraq qalacaq və şəhərimizə xidmət edəcək. Görülən işlər çərçivəsində yol hərəkəti iştirakçılarının maarifləndirilməsi və təhlükəsizliyinin təbliği baxımından Nəqliyyat Nazirliyi və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən birgə həyata keçirilən nəqliyyat-kommunikasiya kampaniyası xüsusi əhəmiyyətə malikdir”.
Kampaniya çərçivəsində yol hərəkəti təhlükəsizliyi haqqında sosial çarxlar da hazırlanıb və bu videoçarxlar milli televiziya kanalları vasitəsilə nümayiş etdirilir. Videoçarxlar, eyni zamanda, Bakıdakı avtobus dayanacaqlarında və şəhərdə quraşdırılmış böyük monitorlarda da göstərilir.
Əlavə olaraq, kampaniyanı təbliğ edən afişalar şəhərdəki reklam lövhələrinə və avtobus dayanacaqlarına yerləşdirilir, facebook sosial şəbəkəsində paylaşılır.
Bununla yanaşı, Bakının müxtəlif ərazilərində yol hərəkəti təhlükəsizliyini təbliğ edən komandalar kampaniyaya cəlb olunub ki, onlar sürücülər və piyadalarla söhbətləşərək onları yollarda daha təhlükəsiz olmağa çağırır və yol təhlükəsizliyinin bütün məqamları haqqında məlumatlandırırlar.
Nəqliyyat Nazirliyi tamaşaçıları Oyunlar zamanı idman arenalarına gedərkən şəxsi avtomobillər əvəzinə şəhər boyunca fəaliyyət göstərəcək təkmilləşdirilmiş ictimai nəqliyyat xidmətlərindən istifadə etməyə çağırır.
“Bakı-2015” Avropa Oyunları zamanı nəqliyyat haqqında ən son məlumatları əldə etmək üçün “Bakı-2015” internet səhifəsi (www.baku2015.com), “Bakı-2015” Tamaşaçı Məlumat Mərkəzi - 2015 nömrəsinə zəng etməklə əlaqə saxlamaq olar. Həmçinin Nəqliyyat Nazirliyi (http://mot.gov.az/), Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi (http://dyp.gov.az/) və Bakı Şəhər İcra Hakimiyyətinin (www.baku-ih.gov.az) internet səhifələri, radio dalğası (107.7 FM), internet səhifəsi (www.niim.az) və facebook səhifəsi (https://www.facebook.com/niim.gov.az?fref=ts) də daxil olmaqla, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumat kanallarına müraciət etmək xahiş olunur.