İQTİSADİYYAT
Bakı Ali Neft Məktəbi Böyük Britaniyanın “Heriot-Vatt” Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalamışdır
Bakı, 6 fevral (AZƏRTAC). Böyük Britaniyanın Edinburq şəhərində Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və “Heriot-Vatt” Universitetinin rektoru professor Stiv Çapman hər iki ali təhsil müəssisəsi arasında 2013-2017-ci illər ərzində birgə mütəxəssis hazırlığı üzrə əməkdaşlıq haqqında razılaşma imzalamışlar.
BANM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, razılaşmanın məqsədi “Heriot-Vatt” Universitetinin təklif etdiyi tədris proqramları əsasında neft-qaz mühəndisliyi və kimya mühəndisliyi ixtisasları üzrə bakalavriat səviyyəsində mütəxəssis hazırlığını təşkil etməkdir.
Razılaşmanın şərtlərinə görə tədris proqramlarının BANM-də tətbiqi 5 il müddətində “Heriot-Vatt” Universitetinin tədrisi idarəetmə strukturlarının nəzarəti və pedaqoji heyətinin iştirakı ilə həyata keçiriləcəkdir. Onlar tədrisin informasiya və metodiki təminatını, tədris prosesinin təşkilinə və biliklərin qiymətləndirilməsinə tam nəzarəti həyata keçirəcəklər. Bu məqsəd ilə BANM-də daim işləmək üçün proqram meneceri və tədrisin təşkilində, biliklərin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək üçün xüsusi yaradılmış keyfiyyətin təminatı şöbəsinin rəhbəri dəvət ediləcəkdir.
Tədris prosesinin gedişində aralıq monitorinqlər hər iki ali məktəbin əməkdaşları tərəfindən birgə, semestr imtahanları isə “Heriot-Vatt” Universitetinin əməkdaşları tərəfindən keçiriləcəkdir. Bu yolla pedaqoji heyətin tədrisdə, tələbələrin isə təhsildə gücləndirilməsi təmin olunacaqdır.
Razılaşmada təlim-tədris prosesində tələbələrin idarəetmədə iştirakı, rüşvətxorluğun, korrupsiyanın və saxtakarlığın qarşısının alınması, sağlamlığın və təhlükəsizliyin təmin olunması kimi məsələlər də öz əksini tapmışdır.
Razılaşma çərçivəsində BANM-də tədrisin təşkili, onun gedişinə nəzarət, biliklərin qiymətləndirilməsi və s. proseslər “Heriot-Vatt” Universitetinin tələblərinə müvafiq həyata keçiriləcək və sözügedən proqramlar üzrə 2013-2017-ci illər ərzində bakalavriatda təhsil almış məzunlara “Heriot-Vatt” Universitetinin və BANM-nin diplomları veriləcəkdir.
BANM-nin rektoru Elmar Qasımov demişdir ki, belə yanaşma Azərbaycanda mühəndis kadrları hazırlayan müasir tipli ali təhsil müəssisəsinin yaradılmasının ən səmərəli yoludur, çünki bu, cəmiyyətimizin sosial sifarişinə tamamilə cavab verir.