İQTİSADİYYAT
Bakı Ali Neft Məktəbi ilə Fransa Neft İnstitutu arasında Anlaşma Memorandumu imzalanmışdır
Bakı, 1 iyul (AZƏRTAC). İyulun 1-də Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun dəvəti ilə Bakıda səfərdə olan Fransa Neft İnstitutunun (IFP School) rektoru Filip Pinşon və Fransanın Azərbaycandakı səfiri Paskal Mönye BANM-ın professor-müəllim və tələbə heyəti ilə görüşmüşlər.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən BANM-ın rektoru E. Qasımov Azərbaycan Prezidenti İlham Əliyevin təhsil sahəsinin inkişafına mühüm əhəmiyyət verdiyini bildirmişdir. Diqqətə çatdırmışdır ki, Prezident İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirməliyik” şüarı da məhz bu sahəyə yetirilən diqqətin göstəricisidir.
Bakı Ali Neft məktəbi haqqında qonaqlara ətraflı məlumat verən rektor bildirmişdir ki, ali məktəbin yaradılmasında əsas məqsəd inkişaf edən ölkəmiz, eyni zamanda istər Azərbaycanda, istərsə də xaricdə fəaliyyətini genişləndirən və artıq transmilli şirkətə çevrilən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) üçün beynəlxalq standartlara cavab verən, ingilis dilli kadrların hazırlanmasıdır.
Vurğulanmışdır ki, Azərbaycan və Fransa arasında daim dost münasibətləri mövcud olmuşdur. BANM Fransanın neft-qaz və kimya sənayesi sahəsində fəaliyyət göstərən institutları ilə əməkdaşlıq əlaqələrinin qurulmasında və onların təcrübələrindən yararlanmaqda maraqlıdır.
Azərbaycana və dəvət olunmasından məmnunluğunu ifadə edən Fransa Neft İnstitutunun (IFP School) rektoru Filip Pinşon qeyd etmişdir ki, qloballaşan dünyada inkişafın əsas vasitələrindən biri də müasir təhsil sisteminə və beynəlxalq təcrübəyə yiyələnməkdir. Qonaq fransa təhsil sisteminin dünya təhsil sistemindəki rolundan və əhəmiyyətindən danışaraq bildirmişdir ki, Fransa Neft İnstitutu Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq etməyə və təcrübəsini paylaşmağa hazırdır.
Tədbirdə iştirak edən Fransanın Azərbaycandakı səfiri Paskal Mönye qeyd etmişdir ki, ölkələrimiz arasında enerji, siyasi-iqtisadi, sosial-mədəni, elm və təhsil sahələrində əməkdaşlıq əlaqələri gündən-günə inkişaf etməkdədir. Fransa Neft İnstitutu ilə BANM arasında imzalanan bu protokol Fransa Respublikası ilə Azərbaycan Respublikası arasında günü-gündən inkişaf edən münasibətlərin göstəricisidir.
Sonda Bakı Ali Neft Məktəbi ilə Fransa Neft İnstitutu arasında Anlaşma Memorandumu imzalanmışdır.