ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbində “Bakı qış neft məktəbi” adlı layihə həyata keçiriləcəkdir
Bakı, 29 dekabr (AZƏRTAC). Alman Akademik Mübadilə Xidmətinin (DAAD) “Şərqə Doğru” proqramı çərçivəsində Bakı Ali Neft Məktəbində (BANM) “Bakı qış neft məktəbi” adlı layihə həyata keçiriləcəkdir.
BANM-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu ali məktəbin “Bakı qış neft məktəbi” layihəsi DAAD-ın “Şərqə Doğru” proqramı çərçivəsində həyata keçirdiyi tenderin qalibi olmuşdur. Layihəyə əsasən, müsabiqəni uğurla keçən Almaniyanın müxtəlif universitetlərində təhsil alan bu ölkənin tələbələri 2014-cü ilin mart ayının 3-dən 15-dək BANM-da keçiriləcək qış məktəbində iştirak edə biləcəklər.
Namizədlər qış məktəbində iştirak etmək üçün birbaşa təşkilatçılara müraciət etməlidirlər. Təşkilatçıların rəyi nəticəsində iştirakı müəyyənləşdirilən tələbələrin xərcləri DAAD tərəfindən ödəniləcəkdir. Qış məktəbində azərbaycanlı tələbələr də təhsil ala biləcəklər. İştirak etmək istəyən tələbələr BANM-ın təqaüd proqramına müraciət etməlidirlər.
“Bakı qış neft məktəbi” proqramı çərçivəsində tələbələr yalnız akademik biliklərə yiyələnməyəcək, eyni zamanda, Azərbaycanı daha yaxından tanımaq üçün əsrarəngiz təbiəti olan bölgələrimizə səyahət edəcək, buradakı muzeyləri və tarixi abidələri görmək imkanı qazanacaqlar. Layihə çərçivəsində tələbələr Azərbaycanın neft tarixi ilə daha yaxından tanış olmaq üçün tarixi “Neft daşları”, dənizdə və qurudakı neft buruqları və neft muzeyi kimi əhəmiyyətli yerlərlə də tanış olacaqlar.