ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbində “Gənc Robot Mühəndislər” layihəsinin təqdimatı olub
Bakı, 13 oktyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan “Gənc Robot Mühəndislər” layihəsinin təqdimatı keçirilib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, ali məktəbin rektoru Elmar Qasımov “robototexnika”nın Azərbaycanın iqtisadiyyatı üçün vacib istiqamət olduğunu vurğulayıb.
Sonra NASA-da çalışmış azərbaycanlı gənc alim Teymur Sadıqovun məruzəsi dinlənilib.
Layihə çərçivəsində Bakıda müxtəlif universitetlərdə təhsil alan I və II kurs tələbələri arasından seçilmiş 20 iştirakçıya (hər bir komandada 4 nəfər olmaq şərti ilə 5 komanda) “robototexnika”nın nəzəri və təcrübi istiqamətləri barədə əyani metodiki vəsaitlərlə beşgünlük seminar keçiriləcək. Seminarların sonuncu günündə komandalar arasında təşkil olunacaq yarışda müxtəlif hissələrdən robotun hazırlanması tələb ediləcək. Qalib komandanın üzvlərinə metodiki elektronik hissələrdən ibarət hədiyyə paketi veriləcək. Onlar gələcəkdə həmin avadanlıq vasitəsilə biliklərini mütəmadi tətbiq etmək imkanı qazanacaqlar.