ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbində SPM-in sertifikatları təqdim olunub
Bakı, 26 sentyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) təşkil olunan Layihə İdarəetmə Məktəbində (SPM) II qrupun birinci modulu müvəffəqiyyətlə və yüksək imtahan nəticələri ilə bitirən tələbələrinə sertifikatlar verilib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru Elmar Qasımov iştirakçıları əldə olunan yüksək nəticələrə görə təbrik edib, uğurlar arzulayıb.
Növbəti “Cədvəl və xərclərə nəzarət” modulunda iştirakçılara layihə idarəetmə alətlərindən istifadə etməklə layihələrin planlaşdırılması və nəzarəti üçün lazım olan bacarıqlar aşılanmaqla onlara xərclərlə bağlı hesablama, proqnozlaşdırma, smetatutma, monitorinq, təhlil metodları göstərilib. Təlimi bank, informasiya-texnologiyaları, inşaat və pərakəndə satış kimi sahələrdə layihə idarəedilməsi üzrə iyirmi ildən artıq iş təcrübəsinə malik olan Con Pelham aparıb.
Xatırladaq ki, SPM-in iştirakçıları sırasına SOCAR, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BP, “PAŞA Sığorta” ASC və digər şirkətlərin nümayəndələri daxildir. BP və onun tərəfdaşlarının maliyyə dəstəyi, layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan “TwentyEighty Strategy Execution” şirkətinin texniki dəstəyi və BANM-in təşkilatçılığı ilə birgə həyata keçirilən SPM tədris proqramı yeddi moduldan ibarətdir. Yekunda ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatının verilməsi nəzərdə tutulur. Hazırda Bakı Ali Neft Məktəbi ən uğurlu layihələrindən biri olan Layihə İdarəetmə Məktəbinin növbəti qruplarına qeydiyyatı açıq elan edib.