ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbinin iki tələbəsi Heriot-Vatt Universitetində təhsil alacaq
Bakı, 13 yanvar, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) neft-qaz mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Aidə Soltanova və kimya mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Kamran Əliyev Böyük Britaniyanın Heriot-Vatt Universitetinin Edinburq kampusunda bir semestr müddətində öz ixtisasları üzrə təhsil alacaqlar.
BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tələbələr Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə BANM arasında əməkdaşlıq müqaviləsi çərçivəsində oxumağa göndərilirlər. Onlar bir semestr orada oxuduqdan sonra, təhsillərini başa çatdırmaq məqsədi ilə Bakı Ali Neft Məktəbinə qayıdacaqlar. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov vurğulayıb ki, bu imkan tələbələr üçün böyük beynəlxalq təcrübə, həmçinin motivasiya olacaq. Tələbələrə getdikləri ölkənin tarixi, coğrafiyası, mədəniyyəti, adət-ənənələrini də öyrənməyin zəruriliyini deyən rektor bildirib ki, yarandığı qısa dövr ərzində ilk dəfədir ki, BANM tərəfindən tələbələr xarici ölkəyə oxumağa göndərilir.
Qeyd edək ki, Böyük Britaniyanın Heriot-Vatt Universitetində təhsil almaq üçün seçilən tələbələr BANM-də təşkil olunan ingilis dilində hazırlıq proqramında iştirak edərək biliklərini təkmilləşdiriblər və imtahandan müvəffəqiyyətlə keçiblər. Tələbələr Heriot-Vatt Universitetində oxuduqları müddətdə Böyük Britaniyanın təhsil mühiti və tədris proqramları ilə daha yaxından tanış olaraq, nəzəri və praktik biliklərini daha da genişləndirəcək və dünyagörüşlərini artıracaqlar.