MƏDƏNİYYƏT
Bakı Beynəlxalq Caz Festivalı Edqar Duvivye və Dami Andres cütlüyünün şousu ilə açılacaq
Bakı, 6 sentyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizdə XVII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, festivalın ilk qonağı Edqar Duvivye (saksofon) və Dami Andres (gitara) cütlüyü olacaq. Onlar sentyabrın 23-də Heydər Əliyev Mərkəzində Tofiq Cabbarov (perkussiya) və Denis Fontura ilə (vokal) eyni səhnəni bölüşəcəklər.
Edqar Duvivye və Dami Andres Cənubi Amerikadan olan virtuoz musiqiçilərdir. Hər ikisinin ifaçı və bəstəkar kimi çox uğurlu musiqi karyeraları var. Onlar 2018-ci ildən birlikdə Latın Amerikasının tanınmış musiqi kompozisiyalarını cazla sintez edərək duet şəklində çıxış edirlər. Latın musiqisi Cənubi Amerika əhalisinin qarışıq mədəniyyətilə səciyyələnir. Edqar Duvivye və Dami Andresin şousu Argentina, Braziliya, Karib dənizi və Meksika mənşəli melodiya və ritmlərini bir yerə toplayaraq bütün dünyada rəğbət qazanan inanılmaz musiqi proqramdır. Duet öz virtuozluğu ilə seçilir. Duvivye saksofonda Andres isə 8 simli gitarasında hər zaman bütün ictimaiyyəti təəccübləndirərək möhtəşəm aranjimanlar nümayiş etdirir.