İQTİSADİYYAT
Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr uzunluqda yolun əsaslı təmirinə başlanılacaqdır
Bakı, 9 iyun (AZƏRTAC). Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən “Dəmir yolu ticarətinin və nəqliyyatının dəstəklənməsi layihəsi” çərçivəsində Çexiya Respublikasının İxrac Bankı ilə 215 milyon avro məbləğində imzalanan kredit sazişinə uyğun olaraq Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yol əsaslı təmir olunacaqdır.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat katibliyindən AZƏRTAC-a bildirmişlər ki, bu məqsədlə qurğuların, çevirici tirlərin, maşın və mexanizmlərin, avadanlığın və onların ehtiyat hissələrinin alınması üzrə QSC və Çexiyanın Moraviya STEEL A.S.-nin törəmə şirkəti olan “M STEEL PROJECT A.S.” arasında Çərçivə Müqaviləsi imzalanmışdır. Çexiyanın “Trşinets celezarnı” zavodundan relsin (65 tipli 41 min 210 ton, 317 kilometr yol) alınması razılaşdırılmışdır. Artıq 100 kilometrdən çox rels və ehtiyat hissələri ölkəyə gətirilmişdir.
Əsaslı təmir üçün tələb olunan 583 min 280 dəmir-beton şpal razılaşmaya əsasən “Azərinşaatservis”-in Ələt şpal zavodunda istehsal olunacaqdır. Qeyd edək ki, artıq Ələt şpal zavodunda şpal istehsalına başlanılmışdır. Burada üçnövbəli iş rejimi tətbiq olunmuşdur. Bunun da əsas məqsədi Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmirində şpala tələbatı ödəməkdir.
İİk kilometrin əsaslı təmiri isə bu il iyunun 10-da həyata keçiriləcəkdir. Prosesə dəmir yolunun Ağstafa-Tatlı sahəsinin 97-ci kilometrində başlanacaqdır.