ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində əlamətdar gün münasibətilə tədbir keçirilmişdir
Bakı, 29 dekabr (AZƏRTAC). Bakı Dövlət Universitetində (BDU)
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilmişdir.
Bakı Dövlət Universiteti mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, tanınmış alimlərin, müəllim və tələbələrin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün geniş şəkildə keçirilməsində dahi rəhbər Heydər Əliyevin tarixi rolunu diqqətə çatdırmış və onun əhəmiyyətindən danışmışdır.
Rektor ümummilli lider Heydər Əliyevin milli birliyə, həmrəyliyə daim böyük önəm verdiyini, Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirmişdir. Dövlətimizin başçısının apardığı siyasətin uğurlu nəticələrindən bəhs edən akademik A.Məhərrəmov milli diasporun inkişaf etdiyini, səmərəli fəaliyyət göstərdiyini söyləmişdir.
Azərbaycanın çox sürətlə tərəqqi etdiyini, dünya ölkələri arasında layiqli yer tutduğunu qeyd edən rektor qazanılan nailiyyətlərin müdrik rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu vurğulamışdır.
BDU-nun kafedra müdirləri Yaqub Mahmudov və Rüstəm Məmmədov əlamətdar gün münasibətilə xoş arzularını bildirmişlər.