ELM VƏ TƏHSİL
BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ RUSİYA KİTAB NƏŞRİYYATLARININ SƏRGİSİ AÇILMIŞDIR
Sərgini keçirmək üçün Bakıya Rusiya Təhsil və Elm Nazirliyinin məsul əməkdaşları, bu ölkənin aparıcı kitab nəşriyyatlarının nümayəndələri, rus dili və ədəbiyyatı mütəxəssisləri gəlmişlər.
Sərgini BDU-nun rektoru, akademik Abel Məhərrəmov açaraq bildirmişdir ki, MDB-nin digər ölkələrindən fərqli olaraq, Azərbaycanda rus dilinə xüsusi əhəmiyyət verilir. Bunu belə bir fakt da təsdiq edir ki, hazırda ali məktəblərə qəbul həm Azərbaycan, həm də rus dillərində keçirilir. A.Məhərrəmov demişdir: “Yaxın gələcəkdə Moskva Dövlət Universitetinin həm fundamental elmlər, həm də humanitar elmlər sahəsində filialının açılması nəzərdə tutulmuşdur”. Rektor vurğulamışdır ki, Moskva ali məktəbləri, o cümlədən MDU ilə əlaqələr getdikcə möhkəmlənir. O, MDU-nun rektoru Viktor Sadovniçinin bu yaxınlarda ölkəmizə səfərini və ona BDU-nun fəxri doktoru adının verilməsini xatırlatmışdır. A.Məhərrəmov bu cür tədbirlərin keçirilməsini dəstəkləyən ölkə rəhbərliyinin rolunu xüsusi vurğulamışdır.
Sərgidən əsas məqsəd rus dili, ədəbiyyatı, mədəniyyəti, elmi və təhsilinə marağın artırılmasına kömək etmək, Rusiyada nəşr olunan yeni kitablar barədə məlumat vermək, Azərbaycanın təhsil müəssisələri, kitabxanaları və kitab mağazaları nümayəndələrinin müasir rus ədəbiyyatının naşirləri və satıcıları ilə işgüzar əlaqələrinin yaradılmasını təmin etməkdir.
Sonra Rusiyanın ölkəmizdəki səfiri Vasili İstratov, Rusiya nümayəndə heyətinin təmsilçisi Nadejda Marçenko çıxış etmişlər. Sərginin açılışında BDU-nun beynəlxalq münasibətlər üzrə prorektoru, professor Nərgiz Paşayeva iştirak etmişdir.