ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində “Science via Media” layihəsinin qalibləri mükafatlandırılıblar
Bakı, 19 fevral, AZƏRTAC
Barama İnnovasiya Mərkəzi, “Azercell” və “PAŞA Bank”ın dəstəyi ilə Bakı Dövlət Universitetində (BDU) tələbələrin özünüinkişaf laboratoriyası - Media Mərkəzinin “Science via Media” layihəsi başa çatıb.
Bakı Dövlət Universitetindən AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbdə keçirilən mükafatlandırma mərasimində çıxış edən Barama İnnovasiya Mərkəzinin direktoru İmran Bağırov layihənin əhəmiyyətindən bəhs edib. O, bu cür layihələrin tələbələrdə praktik vərdişlərin inkişafına xidmət etdiyini, qaliblərin “YouTube” kanalında yerləşdirilən videoçarxlarına münsiflər heyəti tərəfindən verilən ballar əsasında müəyyənləşdirildiyini deyib.
BDU-nun jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev, “Technote startup”ın rəhbəri Fərid Pərdəşünas və tanınmış aktyor, videoblogger Əlixan Rəcəbovun təqdimatında media sahibkarlığı mövzusunda panel müzakirələr keçirilib, suallar cavablandırılıb.
Sonra jurnalistika fakültəsinin tələbələri Nigar Abbasova, Vüsalə Hacıyeva (“Məchul” təqdimatı) birinci, Ayna Zərbəliyeva və Çiçək Məmmədova (“Genetik Yaddaş” təqdimatı) ikinci, jurnalistika fakültəsinin magistrantı Nurlan Salamov isə (“Klonlama” təqdimatı) üçüncü yerə sahib olublar.
Qeyd edək ki, “Science via Media” layihəsi yarış formatında keçirilib və layihə elmi izahların media dilində cəmiyyətə çatdırılması məqsədilə gənclərin elm-təhsil, özünüinkişafa maraqlarını artırmağa yönələn beş mövzuda videoçarxlardan ibarət olub.