ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutunda Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə bayram tədbiri keçirilmişdir
Bakı, 31 may (AZƏRTAC, Samirə Quliyeva). Mayın 31-də Bakı Dövlət Universitetinin (BDU) nəzdindəki Konfutsi İnstitutunda Beynəlxalq Konfutsi İnstitutunun 10 illik yubileyi və 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə bayram tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, BDU-nun nəzdindəki Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru Oqtay Cəlilbəyli və Çin tərəfdən direktoru xanım Hu Fenhua çıxış edərək, uşaqları bayram münasibətilə təbrik etmiş, onlara xoş arzularını bildirmiş, təhsillərində uğurlar arzulamışlar. Qeyd edilmişdir ki, Konfutsi İnstitutu Çin dilinin tədrisi ilə yanaşı, həm də Azərbaycan ilə Çin arasında körpü rolunu oynayır. Azərbaycan və Çin arasında mədəni əlaqələrin tarixi çox qədim zamanlara təsadüf edir. Ölkələrimiz arasında dostluğun, yaxın münasibətlərin daha da inkişaf etməsi üçün əməkdaşlıq imkanları daha da genişləndirilir.
Diqqətə çatdırılmışdır ki, ilk dəfədir ki, Konfutsi İnstitutunda 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü qeyd edilir. Bundan sonra bu bayram artıq ənənə halını alacaqdır.
Tədbirdə, həmçinin Çin dili mütəxəssislərinin hazırlanmasında və Çin-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsində Konfutsi İnstitutunun fəaliyyətinin əhəmiyyətindən danışılmışdır.
Valideynlər çıxış edərək, tədbirin təşkilinə görə BDU-nun rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Sonra Konfutsi İnstitutunda təhsil alan uşaqlar arasında müxtəlif oyunlar keçirilmiş, onların ifalarında mahnılar, şeirlər səslənmişdir.
Qaliblərə müxtəlif mükafatlar təqdim olunmuşdur.