ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetinin professoru Yunanıstanda keçirilən seminarda çıxış edib
Bakı, 17 iyun, AZƏRTAC
Avropa İttifaqının TEMPUS proqramı çərçivəsində reallaşdırılan ECONANO layihəsinin növbəti seminarı Yunanıstanın Patras Universitetində keçirilib.
Bakı Dövlət Universitetindən (BDU) AZƏRTAC-a bildiriblər ki, seminarda İtaliyanın Sapienza Universiteti, Fransanın Paris 13 Universiteti, BDU və Azərbaycan İnşaat və Memarlıq Universitetinin nümayəndələri iştirak ediblər.
Tədbirdə layihənin rəhbəri professor Luca Di Palma, BDU-nun professoru, Azərbaycan universitetləri üzrə əlaqələndirici Məhəmmədəli Ramazanov görülən işlər barədə məlumat veriblər.
Daha sonra əməkdaşlığın perspektivləri müzakirə olunub, “Ekologiya mühəndisliyi” üzrə yeni magistr proqramının yaradılması haqqında fikir mübadiləsi aparılıb. ECONANO layihəsinin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün əsasların olduğu qeyd edilib.
Seminarda yeni təhsil və elmi-tədqiqat layihəsinin hazırlanması ilə əlaqədar razılıq əldə olunub.