ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetinin rektoru Avrasiya Universitetlər Assosiasiyasının iclasında iştirak edib
Bakı, 12 aprel, AZƏRTAC
M.V.Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) keçirilən Avrasiya Universitetlər Assosiasiyası (AUA) Şurasının genişləndirilmiş iclasında Azərbaycanı Bakı Dövlət Universitetinin (BDU) rektoru, assosiasiyanın vitse-prezidenti, akademik Abel Məhərrəmov təmsil edib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, iclası assosiasiyanın prezidenti, MDU-nun rektoru, akademik Viktor Sadovniçi açıb.
Plenar iclasda A.Məhərrəmov assosiasiyanın ilk üzvlərindən olan BDU tərəfindən irəli sürülən əməkdaşlığın yeni formalarının daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb. O, Avropa və Asiyanın 11 ölkəsini əhatə edən assosiasiyanın üzvü olan ali məktəblərin elm, təhsil və cəmiyyət məsələlərini özündə birləşdirən “Universitetin üç missiyası” adlı reytinqi ilə bağlı fikirlərini bölüşüb. Təklif edilib ki, reytinqin təşkilatçıları sırasında Rusiya Rektorlar Şurası və Rusiya Elmlər Akademiyası ilə yanaşı, Avrasiya Universitetlər Assosiasiyası da yer alsın. Bundan başqa, BDU-nun rektoru reytinqin müəyyənləşməsi üçün irəli sürülən meyarlara münasibətini bildirib, müvafiq təkliflərlə çıxış edib. O, yeni reytinqin qısa müddətdə beynəlxalq nüfuz qazanacağına əminliyini ifadə edib.
Akademik V.Sadovniçinin fəaliyyətini xüsusi vurğulayan A.Məhərrəmov onun 25 il rəhbərlik etdiyi MDU-nun dünyanın nüfuzlu universitetlərindən birinə çevrilməsinə töhfələr verdiyini deyib.
Tədbirdə akademik V.Sadovniçi Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi münasibətilə Avrasiya Universitetlər Assosiasiyası adından A.Məhərrəmovu təbrik edib, ona qurumun xatirə hədiyyəsini təqdim edib.