İQTİSADİYYAT
Bakı Fond Birjasının sədrliyi ilə Əlaqələndirmə Şurası yaradılır
Bakı, 25 yanvar (AZƏRTAC). Bakı Fond Birjasında (BFB) “Dövlət qiymətli kağızları: mövcüd vəziyyət və inkişaf istiqamətləri” mövzusunda 20-dən artıq kommersiya bankının və peşəkar iştirakçılarının iştirakı ilə “dəyirmi masa” keçirilmişdir.
BFB-dən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə dövlət qiymətli kağızlarının ilkin bazarı (gəlirlilik, emissiya həcmi, dövriyyə müddətləri, hərrac zamanları), təkrar bazar əməliyyatları (likvidliyin təmin olunması və market-meyker fəaliyyəti) və 2012-ci il üzrə bazarın inkişaf perspektivləri müzakirə olunmuşdur.
Görüşdə bu məsələlərlə bağlı fikir mübadiləsi aparılmış, mövcud vəziyyət qiymətləndirilmiş və bazarın inkişaf perspektivliyi ilə əlaqəli təkliflər irəli sürülmüşdür.
Müzakirələr zamanı bazar iştirakçılarının daha sıx əlaqələrinin qurulması istiqamətində bu formatda dialoqun davam etdirilməsi üçün BFB-nin sədrliyi ilə Əlaqələndirmə Şurasının yaradılması qərara alınmışdır. Bazar iştirakçılarının aidiyyəti dövlət qurumları ilə də (Maliyyə Nazirliyi, Mərkəzi Bank, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi) səmərəli əlaqələrin yaradılması Əlaqələndirmə Şurasına həvalə edilmişdir.