İQTİSADİYYAT
Bakı ilə Sumqayıt arasında yüngülrelsli dəmiryolu xətti çəkiləcəkdir
Bakı, 18 aprel (AZƏRTAC). Yaxın 5 ildə Azərbaycanda dəmir yolları şəbəkəsi müasirləşdirilərək yenidən qurulacaqdır.
Bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat vermişdir. Onun sözlərinə görə, bu layihənin reallaşmasında azərbaycanlı mütəxəssislərlə yanaşı, Dünya Bankının ekspertləri də iştirak edirlər. Bu ilin ortalarınadək layihə sənədlərinin əksəriyyəti hazır olacaq və bunun əsasında tenderlər keçiriləcəkdir. İlin sonunadək Nəqliyyat Nazirliyinin Bakı və Sumqayıt şəhərləri arasında sərnişin dəmiryolu nəqliyyatının təşkili, yüngül dəmiryolunun çəkilişi məsələsi gündəliyə gətiriləcəkdir. Bunun üçün Nəqliyyat Nazirliyinə üç təklif daxil olmuşdur. Onların arasında Fransa və Koreya şirkətlərinin təklifləri də vardır. Məqsəd Bakı ilə Sumqayıt şəhərləri arasında avtomobil yollarını yüklənmədən azad edilməsidir. İki şəhər arasındakı dəmiryolu xəttinin uzunluğu 28 kilometr olacaqdır.
Musa Pənahov vurğulamışdır ki, Sumqayıt istiqamətində metro xəttinin tikintisi də nəzərdə tutulur.