ELM VƏ TƏHSİL
Bakı məktəbliləri beynəlxalq turnirdə medallar qazanıblar
Bakı, 14 fevral, AZƏRTAC
Paytaxt məktəbliləri Türkiyənin Adana şəhərində cüdo idman növü üzrə keçirilən beynəlxalq turnirdə uğurlu nəticələr əldə ediblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, 13 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdləri Orxan Məcidli və Məhəmməd Məmmədov, onuncu sinif şagirdi İbrahim Şükürov, həmçinin 52 nömrəli tam orta məktəbin dördüncü sinif şagirdi Rövşən Məmmədov və həmin məktəbin məktəbəhazırlıq qrupunda təhsil alan Əbəlfəz Tarverdiyev yarışda birinci yerə layiq görülüblər.
Turnirdə 13 nömrəli tam orta məktəbin yeddinci sinif şagirdi Sərxan Cəbili ikinci, səkkizinci sinif şagirdi Rövşən Hüseynov, eləcə də 21 nömrəli tam orta məktəbin doqquzuncu sinif şagirdi Hüseyn Məmmədov və 158 nömrəli tam orta məktəbin beşinci sinif şagirdi İsmayıl Əlipənahov üçüncü yeri tutublar.
Qaliblər medal və diplomla mükafatlandırılıblar.
Turnirdə Azərbaycan, Türkiyə, Gürcüstan və İran idmançıları iştirak ediblər.