İQTİSADİYYAT
Bakı Nəqliyyat Agentliyi dayanma-durma qaydalarına əməl etməyin vacibliyini bildirmək məqsədilə fləşmob keçirib
Bakı, 13 sentyabr, AZƏRTAC
Nəqliyyat vasitəsini qadağan olunan yerdə saxlayan, dayanma-durma qaydalarını pozan sürücülərin maarifləndirilməsi işləri davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən (BNA) AZƏRTAC-a bildirilib ki, bu çərçivədə fləşmob hazırlanıb.
Bakı Nəqliyyat Agentliyinin kollektivinin iştirak etdiyi fləşmobda sürücülərə dayanma-durma qaydalarına əməl etməyin vacibliyini bildirən şüarlar nümayiş etdirilib. Fləşmob iştirakçıları nəqliyyat vasitələrini avtobus dayanacaq məntəqəsində, pandusların üzərində, səkilərdə, eləcə də qadağan edilən digər yerlərdə park etməyərək digərlərinə nümunə olduqlarını bildiriblər. Bakı Nəqliyyat Agentliyi bir daha sürücülərə dayanma-durma qaydalarına əməl etməyi tövsiyə edir.
BNA-dan bildiriblər ki, hərəkət iştirakçısı olaraq bir-birimizə qarşı anlayışlı olmaqla, şəhərimizin nəqliyyat problemini birlikdə həll edə bilərik.