İQTİSADİYYAT
Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Bakı, 21 sentyabr, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, bu gün müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçıları ehtiyatlı olmalıdır.
Sərnişinlərə avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmaları məsləhət görülüb. Vurğulanıb ki, dayanacaq məntəqəsindən kənar ərazidə avtobusdan istifadə etməsinlər. Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində də eyni qaydalara riayət olunmalıdır.
Sürücülərə isə hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etmələri bildirilib.
Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib. Hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin “141” Çağrı Mərkəzinə zəng etmək mümkündür.