İQTİSADİYYAT
Bakı-Quba yolunda rənglənmə işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Bakı, 29 iyun, AZƏRTAC
İyunun 29-da avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “Vaz” dairəsindən Sumqayıt istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.
Bundan başqa, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 kilometrliyində (hər iki tərəf) yol nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri də aparılır. Yolda hərəkət iş aparılan bir zolaq üzrə (digər hərəkət zolaqları açıqdır) hissə-hissə məhdudlaşdırılacaq.
Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.