MƏDƏNİYYƏT
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları Çelyabinsk şəhərində səfərdə olmuşlar
Bakı, 30 may (AZƏRTAC). Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları Rusiya Federasiyasının Çelyabinsk şəhərində səfərdə olmuşlar.
İdarədən AZƏRTAC-a bildirmişlər ki, səfər zamanı nümayəndə heyəti bir çox görüşlər keçirmiş və V Beynəlxalq foto festivalının açılışında iştirak etmişdir.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Çelyabinsk Dövlət Mədəniyyət və İncəsənət Akademiyası arasında 2013-cü ildə imzalanmış əməkdaşlıq memorandumuna əsasən, ənənəvi “dəyirmi masa” keçirilmişdir. “Dəyirmi masa”da idarənin əməkdaşları və akademiyanın rəhbərliyi, professor və müəllim heyəti, tələbələr iştirak etmişlər.
Görüşdə son illərdə əməkdaşlığın nəticəsi olaraq görülən işlər, gələcəkdə nəzərdə tutulmuş layihələr müzakirə olunmuşdur.
Həmçinin ötən il Çelyabinskidə ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə gənclər arasında keçirilmiş “Azərbaycan-Rusiya: dostluq qanadlarında” devizi altında yaradıcılıq müsabiqə-festivalının qalibləri, tələbələr, müəllimlər və Çelyabinsk Diyarşünaslıq Muzeyinin direktoru, fotoqraf Vladimir Boqdanovski ölkəmiz haqqında öz təəsüratlarını bölüşmüşlər.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nümayəndə heyəti tərəfindən akademiyanın muzeyinə iki ədəd milli geyim hədiyyə olunmuşdur. Akademiyanın rəhbərliyi tələbələr sırasında azərbaycanlıların daha da çox olmasını arzulamış, bu münasibətlə ölkəmizdən tələbə qəbul etməyə hazır olduqlarını bildirmişlər.
Diqqətə çatdırılmışdır ki, Çelyabinsk Dövlət Mədəniyyət və İncəsənət Akademiyası Rusiya Federasiyasının Milli Registrində 100 ən yaxşı ali məktəblərin sırasına daxildir. Akademiya tərəfindən Azərbaycandan olan tələbələr üçün əyani və qiyabi təhsil forması üzrə bir sıra ixtisaslara qəbul elan olunur və onlara xüsusi güzəştlər tətbiq ediləcəkdir.