MƏDƏNİYYƏT
Bakı şəhər xalq teatrları festivalının qalibləri mükafatlandırılmışlar
Bakı, 9 aprel (AZƏRTAC). Xəbər verdiyimiz kimi, aprelin 2-dən 9-dək Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) təşkilatçılığı ilə paytaxtın xalq teatrlarının M.F.Axundzadənin 200 illik yubileyinə həsr olunmuş festivalı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, aprelin 9-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında festivalın yekunlarına və qaliblərin mükafatlandırılmasına həsr olunmuş mərasim keçirilmişdir.
Əvvəlcə BŞMTİ-nin “Kolorit” xalq rəqs qrupunun ifasında kompozisiya təqdim edilmişdir.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan mədəniyyətinin inkişafında teatrlarımızın böyük rolunu vurğulamışdır. Natiq Prezident İlham Əliyevin mədəniyyətimizin inkişafına böyük qayğısından söhbət açmış, dövlətimizin başçısının son vaxtlar teatrların yenidən qurulması və əsaslı təmiri ilə bağlı bir neçə sərəncam imzaladığını söyləmişdir.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev bildirmişdir ki, M.F.Axundzadənin 200 illiyinə həsr olunmuş festival çərçivəsində qurumun nəzdində fəaliyyət göstərən 16 mədəniyyət evinin xalq teatrları görkəmli ədibin əsərləri əsasında tamaşalar hazırlamışlar.
Bildirilmişdir ki, böyük ədibin “Hekayəti-xırs-quldurbasan”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Hekayəti-müsyo Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah caduküni-məşhur”, Hekayəti-molla İbrahimxəlil kimyagər”, “ Mürafiə vəkillərinin hekayəti” və “Hekayəti-mərdi xəsis, Hacıqara ” əsərləri əsasında hazırlanmış tamaşalarda xalq teatrı kollektivlərindən 93, dram dərnəklərindən isə 42 həvəskar aktyor çıxış etmişdir.
Diqqətə çatdırılmışdır ki, tamaşaların nümayişindən sonra münsiflər heyətinin üzvləri 3 gün ərzində qalibləri müəyyən etmişlər. Beş nəfərdən ibarət münsiflər heyəti I, II, III yerlərdən əlavə, “Ən yaxşı mütəxəssis”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı müsiqi tərtibatı”, “Ən yaxşı qadın rolunun ifaçisi” və “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyaları üzrə də qalibləri müəyyənləşdirmişlər.
Sonra qaliblərə mükafatlar təqdim edilmişdir.
Nizami adına mədəniyyət mərkəzinin “Mərdəkan” xalq teatrı birinci yerə və birinci dərəcəli diploma, H.Sarabski adına mədəniyyət evinin xalq teatrı ikinci yerə və ikinci dərəcəli diploma, Müşfiqabad qəsəbə mədəniyyət evinin dram dərnəyi üçüncü yerə və üçüncü dərəcəli diploma layiq görülmüşlər.
Ə.Vahid adına “Poeziya Evi”nin metodisti Həsən Həsənov “Ən yaxşı mütəxəssis”, Nizami adına “Mərdəkan” xalq teatrının rejissoru Rəhman Əlizadə “Ən yaxşı rejissor işinə görə”, Nizami adına “Mərdəkan” xalq teatrından Namiq Aslanov “Ən yaxşı musiqi tərtibatına görə”, Müşfiqabad qəsəbə mədəniyyət evinin dram dərnəyinin üzvü Aidə Əhmədzadə “Ən yaxşı qadın rolunun ifaçısı”, Nizami adına mədəniyyət mərkəzinin “Mərdəkan” xalq teatrının üzvü Nizami Əlizadə “Ən yaxşı kişi rolunun ifaçısı” mükafatlarına layiq görülmüşlər.
Sonda tamaşaçılar festivalın qaliblərindən olan Nizami adına mədəniyyət mərkəzinin “Mərdəkan” xalq teatrının ifasında M.F.Axundzadənin “Murafiə vəkillərinin hekayəti” əsəri əsasında səhnələşdirilmiş “Vəkillərin məkrləri” məzhəkəli tamaşaya baxmışlar.
Tamaşanın rejissoru Əməkdar İncəsənət Xadimi Rəhman Əlizadədir.