MƏDƏNİYYƏT
Bakı şəhər xalq teatrlarının M.F.Axundzadənin 200 illik yubileyinə həsr olunmuş festivalı başlamışdır
Bakı, 3 aprel (AZƏRTAC). Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə paytaxtın xalq teatrlarının M.F.Axundzadənin 200 illik yubileyinə həsr olunmuş festivalı başlamışdır.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, festival çərçivəsində qurumun nəzdində fəaliyyət göstərən 16 mədəniyyət evinin xalq teatrları M.F.Axundzadənin əsərləri əsasında hazırlanmış tamaşaları nümayiş etdirəcəklər.
Artıq xalq teatrlarından beşi “Hekayəti-xırs-quldurbasan”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsərləri əsasında hazırlanmış tamaşaları təqdim etmişdir.
Əsərlərin nümayişindən sonra münsiflər heyətinin üzvləri tamaşalarla bağlı fikirlərini və iradlarını bildirmişlər.
Festivalın qaliblərinin mükafatlandırılma mərasimi aprelin 9-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcəkdir.
Qalib gəlmiş tamaşa Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində oynanılacaqdır.