Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbə-lərindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində dövlət mülkiyyətində 3,375 hektar, Abşeron rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 19,875 hektar və Abşeron rayonu Pirəkəşkül-Qobustan Bələdiyyəsinin mülkiyyətində 11,25 hektar olmaqla, ümumilikdə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqori-yasına aid 34,5 hektar torpaq sahəsi qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilsin (torpaq sahəsinin yerləşdiyi yeri, ölçülərini və sərhədlərini göstərən yerquruluşu xəritələri əlavə olunur).

2. Azərbaycan Respublikasının Energetika Nazirliyi bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirləri Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nın tələblərinə uyğun həyata keçirsin.

3. Bu Qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş 34,5 hektar torpaq sahəsində külək elektrik stansiyasının tikintisinə icazə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınır.

4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu Qərarın 3-cü hissəsinə uyğun olaraq, tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. Bu Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 16 aprel 2024-cü il

№ 210

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin