İQTİSADİYYAT
Bakı şəhəri və Abşeron rayonunun qaz təchizatı yaxşılaşdırılır
Bakı, 26 iyul (AZƏRTAC). “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən ölkənin qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, istehlakçıların təbii qazla keyfiyyətli təmin olunması istiqamətində məqsədyönlü tədbirlər uğurla davam etdirilir.
Bakı şəhəri və Abşeron rayonunda həyata keçirilən tədbirlər də bu baxımdan xarakterikdir.
AZƏRTAC xəbər verir ki, cari ilin yanvar-iyun ayları ərzində Bakı şəhərinin Xəzər, Sabunçu, Qaradağ və Suraxanı rayоnlarının qaz təchizatının yaхşılaşdırılması, qaz kəmərlərinin və məişət qaz sayğaclarının fərdi həyətlərdən çıхarılması, qaz kəmərlərinin yenidən qurulması məqsədilə 201,2 kilometr bоru хətləri quraşdırılmışdır.
Həmin müddətdə Abşeron rayonundakı sənaye müəssisələrinin qaz xəttini əhali kateqoriyasına aid abonentlərin xəttindən ayırmaq məqsədilə Masazır qazpaylayıcı stansiyasından yeni orta təzyiqli qaz kəməri çəkilmişdir. Eyni zamanda, rayоnun Mehdiabad və Novxanı kəndlərinin, eləcə də Saray qəsəbəsinin daxili qaz kəmərləri yenidən qurulmuşdur. Saray qəsəbəsindəki yeni yaşayış massivinin, Masazır kəndindəki “Yeni Bakı” yaşayış massivinin, Hökməli bələdiyyəsinin ərazisində yerləşən Atyalı və Nübar qəsəbələrinin qazlaşdırılması üçün 83,7 kilometr qaz kəmərləri çəkilmişdir.
“Azəriqaz” İB əhalinin qaz təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirir. Hazırda Qaradağ rayonunun Sahil, Ələt, Korğöz, Səngəçal, Qızıldaş, Şıxlar qəsəbələrində, Xəzər rayonunun Mərdəkan, Binə, Qala, Şüvəlan, Türkan, Zirə, Buzovna qəsəbələrində, Pirallahı rayonunda, Suraxanı rayonunun Hövsan və Yeni Suraxanı, Sabunçu rayonunun Bilgəh, Ramanı və Maştağa qəsəbələrində təbii qazla təmin olunmayan yaşayış ərazilərinin qazlaşdırılması işləri aparılır.