Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

BAKI ŞƏHƏRİNDƏ MƏİŞƏT TULLANTILARI İLƏ BAĞLI İDARƏETMƏNİN TƏKMİLLƏŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikasında müşahidə olunan yüksək iqtisadi inkişaf templəri ölkə paytaxtının abadlaşdırılması, Bakı şəhərinin müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirilməsi məqsədi ilə son illərdə bir sıra ardıcıl tədbirlərin həyata keçirilməsinə zəmin yaratmışdır.

Bu çərçivədə kommunal xidmətlərin yaxşılaşdırılması, istilik enerjisi ilə təchizatda mövcud olan problemlərin aradan qaldırılması, şəhər nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır.

Kommunal xidmətlərin yaxşılaşdırılması məqsədi ilə görülən işlərə və əldə olunan nailiyyətlərə baxmayaraq, məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sahəsində ciddi çatışmazlıqlar hələ də mövcuddur. Məişət tullantılarının daşınmasında vahid sistemin mövcud olmaması, yığılan zibilin emal edilmədən və zərərsizləşdirilmədən istifadə imkanları bitmiş tullantı poliqonlarında toplanması, bir çox yerlərdə icazəsiz zibilliklərin əmələ gəlməsi və ətraf mühitin çirklənməsi ciddi narahatlıq doğurur.

Bakı şəhərində məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara cavab verən tərzdə qurulması və idarə edilməsi, bu prosesin mütəşəkkil qaydada həyata keçirilməsi, şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və bu sahənin gələcəkdə mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsi məqsədi ilə qərara alıram:

1. “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti yaradılsın.

2. Müəyyən edilsin ki, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərinin ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi işlərini həyata keçirir.

3. “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkil edilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında və xidmət dairəsində olan Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonu, Suraxanı və Qaradağ rayonlarının ərazisində yerləşən bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sahələri əmlakları ilə birgə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə verilsin.

4. Bakı şəhərinin ərazisində əmələgəlmə mənbəyindən asılı olmayaraq, bütün bərk məişət tullantılarının yığılması, daşınması və “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılsın.

5. Müstəqil mənzil fondu olan dövlət idarə, müəssisə və təşkilatlarının Bakı şəhərində bərk məişət tullantılarının yığılması və daşınması ilə bağlı funksiyaları və bu funksiyaların yerinə yetirilməsi üçün balanslarında olan zibiltoplama məntəqələri, maşın-mexanizmləri və avadanlıqları Bakı Şəhər İcra Hakimiyyətinə verilsin.

6. Müəyyən edilsin ki, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin saxlayıcısı funksiyalarını Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi həyata keçirir.

7. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə tapşırılsın ki:

7.1. “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin layihəsini hazırlasın və Cəmiyyətin qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınması üçün tədbirlər görsün;

7.2. “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin və Müşahidə Şurasının sədrini və üzvlərini təyin etsin;

7.3. “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətində dövlətə məxsus səhmlərin səmərəli idarə edilməsini təmin etsin;

7.4. hər il “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin illik hesabatlarını, mənfəətin (zərərin) bölgüsünü təsdiq etsin;

7.5. öz səlahiyyətləri daxilində bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

8.1. qüvvədə olan normativ hüquqi aktların bu Sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.2. Azərbaycan Respublikasında məişət tullantılarının idarə olunmasının beynəlxalq təcrübəyə uyğun qurulması, tullantıların toplanması, daşınması və təkrar istifadə üçün emal sahələrinin bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsinə dair təkliflərini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

9. Bakı Şəhər İcra Hakimiyyəti “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti təşkil edilənədək, məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi ilə bağlı işlərin fasiləsiz həyata keçirilməsini təmin etsin.

10. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 avqust 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin