ELM VƏ TƏHSİL
Bakı Slavyan Universiteti ilə Türkiyənin Səlcuq Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Asif Hacıyev Türkiyənin Səlcuq Universitetinin rektoru, professor Hakkı Gökbel ilə görüşüb.
BSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə A.Hacıyev qonağa universitetin yaranma tarixi, təhsil sistemi barədə məlumat verib, burada türk dili və mədəniyyətinə, onun tədrisinə göstərilən diqqətdən söz açıb.
Rektor universitetdə Türkiyə Araşdırmaları Mərkəzinin fəaliyyət göstərdiyini qeyd edib, BSU ilə qardaş ölkənin müxtəlif ali təhsil müəssisələri arasında bağlanan əməkdaşlıq müqavilələrinin əhəmiyyətindən danışıb.
Azərbaycan barədə xoş təəssüratlarının söyləyən professor Hakkı Gökbel rəhbərlik etdiyi Səlcuk Universitetinin fəaliyyətindən söz açıb, ölkəmizin ali təhsil ocaqları ilə əməkdaşlıqdan məmnunluğunu bildirib.
Görüşdə tələbə-müəllim mübadiləsi və elmi tədqiqatlar sahəsində əməkdaşlığın perspektivləri, digər müvafiq sahələrdə əməkdaşlıq üzrə müzakirələr aparılıb. Kadr mübadiləsinin, birgə seminar və konfransların keçirilməsinin hər iki tərəf üçün faydalı olacağı vurğulanıb.