ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetində “Filologiya elminin aktual problemləri” mövzusunda V Beynəlxalq tələbə elmi konfransı işə başlamışdır
Bakı, 15 mart (AZƏRTAC). Martın 15-də Bakı Slavyan Universitetində (BSU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Filologiya elminin aktual problemləri” mövzusunda V Beynəlxalq tələbə elmi konfransı işə başlamışdır.
AZƏRTAC xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstü önünə əklil qoymuşlar.
Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev konfransın əhəmiyyətindən danışmış, onun işinə uğurlar arzulamışdır. Diqqətə çatdırmışdır ki, konfransda Azərbaycan da daxil olmaqla 8 ölkədən (Rusiya, Rumıniya, Yunanıstan, İsveçrə, Fransa, Latviya və Pakistan) 120-dək ali məktəb tələbəsi məqalə və tezisləri ilə iştirak edir. İnanıram ki, müxtəlif ölkələrdən olan tələbələrin bu gün bir yerdə elmi mübahisələr aparması, onların gələcəkdə çox yaxın dostluğuna səbəb olacaqdır.
Osvald Von Volkenşteyn Cəmiyyətinin prezidenti, Almaniyanın Vurzburg Universitetinin və BSU-nun professoru xanım Sieglinde Hartman, Dağıstan Dövlət Universitetinin ibtidai təhsil fakültəsi dekanının müavini, dosent Sapiyat Həsənova, Moskva Dövlət Linqvistik Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri, professor Bella Musayeva və başqaları belə konfransların keçirilməsinin ölkələr arasında əlaqələrin daha da inkişafına təkan verəcəyini vurğulamışlar.
Ölkəmizin müxtəlif ali təhsil ocaqlarını təmsil edən tələbələrin iştirak etdikləri elmi konfrans işini bölmələrdə (ədəbiyyatşünaslıq, dilçilik, dillərin tədrisi metodikası, ədəbiyyatın tədrisi metodikası, humanitar elmlər) davam etdirəcəkdir. Təqdim olunan materiallar BSU-nun nəşriyyatında ayrıca kitab şəklində çap edilərək, iştirakçılara təqdim olunacaqdır.
Konfrans çərçivəsində “Heydər Əliyev müasir Azərbaycanın banisi kimi” və “”Ruski yazık i literatura v Azerbaydjane” (“Azərbaycanda rus dili və ədəbiyyatı”) jurnalının dünəni, bu günü və sabahı” mövzusunda “dəyirmi masa” keçiriləcəkdir.
Konfrans işini martın 16-da başa çatdıracaqdır.