BAKI SLAVYAN UNİVERSİTETİNDƏ GÖRÜŞ
Yuri Lujkov və onu müşayiət edən şəxslər “Moskva auditoriyası” Rusiya mədəniyyət-təhsil mərkəzində, rus dili dərsində oldular. Qonaqlar mədəniyyət-təhsil mərkəzinə kitablar, Moskvanın gerbini və hədiyyələr bəxş etdilər.
BSU-nun konfrans salonunda tədris işləri üzrə prorektor Asif Hacıyev qonaqları salamlayaraq, ali məktəbin strukturu və fəaliyyəti barədə məlumat verdi, “Moskva auditoriyası”nın açılmasına köməyə görə təşəkkür edərək dedi ki, o, rus və slavyan mədəniyyəti mərkəzinə çevrilmişdir, burada müxtəlif tədbirlər, görüş və məşğələlər keçirilir.
Yuri Lujkov səmimi qəbula görə təşəkkür edərək nəzərə çarpdırdı ki, Bakı Slavyan Universitetinin rus dilinin öyrənlməsi və təbliği sahəsində apardığı olduqca böyük iş uzun illər ərzində formalaşmış və xalqlarımızı birləşdirmiş mədəni məkanın qorunub saxlanması üçün çox vacib və gərəklidir.
O dedi ki, Bakı Slavyan Universiteti Azərbaycanın dahi vətəndaşı, çox böyük ehtiram bəslədiyim insanın – Heydər Əliyeviç Əliyevin qərarı ilə açılmışdır. Bu universiteti Rusiyada yaxşı tanıyırlar. Başlıcası budur ki, Heydər Əliyevin xalqlarımız arasında mədəni əlaqələri yaşatmaq və inkişaf etdirmək ideyası həyata keçirilir. Bu xətti indiki Prezident İlham Əliyev də dəstəkləyir. Biz əminik ki, coğrafi-siyasi vəziyyətin dəyişməsinə baxmayaraq, mədəni və iqtisadi əlaqələr yeni şəraitdə qorunub saxlanılmalı və inkişaf etdirilməlidir. Universitet bu sahədə çox mühüm rol oynayır.
Moskvanın meri tələbə və müəllimlərin praktikasının təşkilində, konfrans, seminar və simpoziumların keçirilməsində bilavasitə kömək göstərməyə hazır olduğunu bildirdi.
Görüşün sonunda Yuri Lujkova xatirə hədiyyələri təqdim edildi.