BAKI SLAVYAN UNİVERSİTETİNDƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, Azərbaycana rəsmi səfərə gələn Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Bakı Slavyan Universitetində olmuşdur.
BSU-nun rektoru, professor Kamal Abdullayev professor-müəllim heyəti və tələbələr adından hörmətli qonağı və onu müşayiət edən şəxsləri salamlayaraq, ali məktəbin fəaliyyət və strukturundan danışdı, vurğuladı ki, ölkəmizin bu mühüm rusistika və slavistika mərkəzi artıq çoxdan adi təhsil müəssisəsi deyildir və Azərbaycanla Rusiya arasında əməkdaşlığın əhəmiyyətli amilinə, bütün regionumuzda rus, slavyan mənəvi dəyərlərinin yayıcısına çevrilmişdir. Bu imkan ümummilli liderimiz Heydər Əliyevin tarixi müdrikliyi sayəsində mümkün olmuşdur. Ulu öndərimizin Fərmanı ilə 2002-ci ildə Rus Dili və Ədəbiyyatı Pedaqoji İnstitutunun bazasında Bakı Slavyan Universiteti yaradılmışdır.
Rektor qeyd etdi ki, BSU tələbələri istehsalat təcrübəsini təkcə Bakıda deyil, Azərbaycanın bölgələrində, o cümlədən çadır şəhərçiklərində yerləşən məktəblərdə də keçirlər. Bu şəhərciklərdəki məktəblərdə qaçqın uşaqları rus dili və ədəbiyyatını məhəbbətlə öyrənirlər. O, ümidvar olduğunu bildirdi ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, Rusiya Dağlıq Qarabağ probleminin dincliklə nizama salınması üçün səy göstərəcəkdir.
K.Abdullayev xüsusi qeyd etdi ki, BSU rus dilinin Şərq ölkələrində də yayılması üçün fəal iş aparır. Burada Türkiyə, İran, İraq, Çin, Türkmənistan, Qazaxıstan, Cənubi Koreya, Gürcüstan və Estoniyadan gəlmiş tələbələr təhsil alırlar. Məhz buna görə də Rusiya Prezidenti Vladimir Putin 2001-ci il yanvarın 10-da universitetin elmi şurasının üzvləri ilə Prezident Heydər Əliyevin də iştirak etdiyi görüşdə BSU-nun genişşaxəli fəaliyyətini yüksək qiymətləndirmiş və onu nadir təhsil ocaqlarından biri adlandırmışdır.
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov səmimi qəbula görə təşəkkürünü bildirərək dedi ki, BSU-nun bəzi kabinetləri ilə tanışlıq görmək istədiyimiz çoxqütblü dünyanın burada öz əksini tapdığını göstərir. Çoxqütblük aspekti - elm, mədəniyyət, təhsil, habelə yaradılmasına sizin də kömək etdiyiniz dil, mədəni məkan çox vacibdir. O, rus dilinin öyrənilməsinin Azərbaycan rəhbərliyi tərəfindən daim dəstəklənməsindən məmnun qaldığını açıqladı. S.Lavrov vurğuladı ki, Azərbaycanda nəinki heç bir rus məktəbi bağlanmadı, əksinə, belə bir universitet yaradıldı. Bu universitetin fəaliyyəti sübut edir ki, rus dilinə diqqət artır.
Rusiyalı nazir dedi ki, Prezident İlham Əliyevin fevralda Moskvaya səfəri zamanı elan olunacaq Rusiyada Azərbaycan ilinin əsas məzmununu elm, təhsil, mədəniyyət, habelə dil sahəsində əməkdaşlıq təşkil edəcəkdir. Azərbaycanın xarici işlər naziri ilə bu gün görüşümdə bu məsələdən söhbət getmişdir.
RF XİN-in başçısı BSU-nun muzeyində, Moskva Mərkəzində oldu, fəxri qonaqlar kitabında ürək sözlərini yazdı və universitetə kitablar hədiyyə etdi.