ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetində IV İslam Həmrəylik Oyunlarının könüllülük proqramının təqdimatı keçirilib
Bakı, 25 noyabr, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) “Könüllü ol, uğurlu gələcək qur!” devizi altında “Bakı 2017” IV İslam Həmrəylik Oyunlarının könüllülük proqramının təqdimatı keçirilib.
BSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirin mahiyyəti barədə tələbələri məlumatlandıran tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova onları İslam Həmrəyliyi Oyunlarında fəal olmağa səsləyib.
Tədbirdə İslam Həmrəyliyi Oyunları və könüllülük proqramı barədə tələbələrə faydalı məlumatlar verilib.
İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayəndələri bu oyunların tarixi, nəzərdə tutulmuş idman növləri, yarışların keçiriləcəyi məkanlar və iştirak edəcək dövlətlər barədə danışıblar.
Qeyd edilib ki, Baku-2015 Avropa Oyunları və Formula-1 yarışlarından fərqli olaraq, İslam Həmrəyliyi Oyunlarında tələbələrlə yanaşı, müəllimlər də könüllülük əsasında fəaliyyət göstərə biləcəklər. Könüllü olmaq üçün qeydiyyatdan keçməyin qaydalarını izah edən nümayəndələr qeydiyyat vaxtının dekabr ayının sonuna qədər davam edəcəyini diqqətə çatdırıblar.
Sonra Baku-2015 Avropa Oyunları və Formula-1yarışlarında könüllü olaraq fəaliyyət göstərən BSU tələbələrinin fikirləri dinlənilib.