ELM VƏ TƏHSİL
BAKI SLAVYAN UNİVERSİTETİNDƏ MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 23-də Bakı Slavyan Universitetində “Müasir linqvistikanın problemləri (dil əlaqələri)” mövzusunda II beynəlxalq elmi konfransın yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
BSU-nun rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev ikigünlük foruma yekun vuraraq bildirmişdir ki, konfransda müxtəlif ölkələrin alimləri arasında fikir mübadiləsi aparılmış, bir sıra universitetlərlə əməkdaşlıq haqqında saziş imzalanmış, iki “dəyirmi masa” təşkil olunmuşdur. Azərbaycan və Almaniya alimlərinin tərcümə və “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar haqqında mahnı” eposlarının öyrənilməsi sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilmişdir.
K.Abdullayev bildirmişdir ki, BSU-nun tələbələri konfransda fəal iştirak etmişlər. Qonaqlarla bilavasitə ünsiyyət onlar üçün yaxşı təcrübə idi.
Konfransın materialları üç dildə nəşr edilmişdir.
Sonda forum iştirakçıları jurnalistlərin çoxsaylı suallarına cavab vermişlər.