ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetində tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində maraqlı layihələr gerçəkləşdirilir
Bakı, 15 noyabr (AZƏRTAC). Bakı Slavyan Universitetində (BSU) tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində bir sıra maraqlı layihələr gerçəkləşdirilir.
BSU-dan AZƏRTAC-a bildirmişlər ki, universitetin jurnalistika və Azərbaycan filologiyası fakültəsində görkəmli Azərbaycan mütəfəkkiri və jurnalisti, ilk mətbu orqanımız olan “Əkinçi” qəzetinin yaradıcısı Həsən bəy Zərdabi adına auditoriya tələbələrin istifadəsinə verilmişdir.
Auditoriyada 100-dən çox eksponat – kitablar, filmlər, sənədlər, fotoşəkillər, eləcə də XIX əsrin sonu XX əsrin əvvəllərinə dair məişət əşyaları vardır. Jurnalist tələbələr burada “Əkinçi” qəzetinin ilk iki sayının fotosurəti ilə də tanış ola bilərlər.
Zərdabi adına auditoriyada dərslərlə yanaşı, jurnalistikanın aktual problemləri, çağdaş media, eləcə də ixtisaslı jurnalist kadrların yetişdirilməsi ilə bağlı müzakirələrin, debatların keçirilməsi nəzərdə tutulmuşdur.
Burada, həmçinin vaxtaşırı jurnalist tələbələr üçün tanınmış qələm ustaları ilə görüşlər təşkil olunur, tələbələr onları maraqlandıran problemləri və məsələləri müzakirə etmək imkanı qazanırlar.
Bundan əlavə, jurnalistika və Azərbaycan filologiyası fakültəsində Avropa Şurasının “Azərbaycanda jurnalistika tədrisinin inkişafına dəstək” layihəsi çərçivəsində yaradılan yeni media laboratoriyası və fotolaboratoriya-muzey də fəaliyyət göstərir.
Ən müasir texniki avadanlıqla təchiz olunmuş yeni media laboratoriyasında tələbələr onlayn jurnalistikada informasiyanın toplanması, emalı və ötürülməsi qaydalarını öyrənir, multimedia vərdişlərinə yiyələnirlər.
Yeni media və kommunikasiya texnologiyaları kafedrasının baş müəllimi, Əməkdar İncəsənət Xadimi Ələkbər Muradovun təşəbbüsü ilə yaradılan fotolaboratoriya-muzeydə isə nadir fotokameralar, kinokameralar, mikrofonlar və radioqəbuledicilər vardır. Ə.Muradov şəxsi kolleksiyasından olan bu texniki qurğuları universitetə hədiyyə etmişdir.
Yalnız Bakı Slavyan Universitetində mövcud olan bu muzeydə 150-dən artıq qiymətli foto və kinokamera nümunələri, səsyazma qurğuları saxlanılır. Burada tələbələr həm peşəkar fotoreportyorluq vərdişlərini öyrənir, həm də fotojurnalistika və operator sənətinin keçdiyi tarixi yolu izləyə bilirlər.