ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetində “Televiziya jurnalistikasının əsasları” kursu çərçivəsində görüş olmuşdur
Bakı, 6 mart (AZƏRTAC). Bakı Slavyan Universitetinin (BSU) jurnalistika və Azərbaycan filologiyası fakültəsində “Televiziya jurnalistikasının əsasları” kursu çərçivəsində İctimai Televiziya və Radio Yayımları Şirkətinin gənclər, elm və təhsil verilişləri departamentinin direktoru Cəsarət Valehovun tələbələrlə görüşü olmuşdur.
BSU-dan AZƏRTAC-a bildirmişlər ki, görüşdə C.Valehov müəllifi və aparıcısı olduğu “Açıq dərs” tok-şousunun ekran tarixindən, hazırlanma texnologiyasından, canlı efir problemlərindən bəhs etmişdir. Eyni zamanda, tələbələrə keyfiyyətli teleproqramın ərsəyə gəlməsi üçün peşəkarlıq vərdişləri barədə ətraflı məlumat vermişdir.
Tələbələr universitetdə qazandıqları nəzəri bilgilərlə yanaşı, bu cür görüşlərin onların dünyagörüşündə və gələcək peşəkar fəaliyyətlərində böyük rol oynayacağını bildirmişlər.
C.Valehov tələbələri “Açıq dərs”in növbəti buraxılışlarından birinə dəvət etmiş, proqramda müzakirə olunacaq mövzunu da onların ixtiyarına vermişdir.