İQTİSADİYYAT
Baki-Tbilisi-Qars dəmir yolunun tikintisi üç istiqamətdə davam etdiriləcəkdir
Bakı, 15 yanvar (AZƏRTAC). “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Qurban Nəzirov AZƏRTAC-a bildirmişdir ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bu il də intensiv şəkildə davam etdiriləcəkdir. Plana əsasən işlər 3 istiqamətdə aparılacaqdır.
İlkin olaraq Marabra və Cxadze stansiyaları arasında yenidənqurma işləri aparılacaq, sonra Gürcüstan-Türkiyə sərhədində Kancaxi sərhəd stansiyasının tikintisi və torpaq işləri başa çatdırılacaqdır. Türkiyə ilə Gürcüstan sərhədində yeni bir tunelin başa çatdırılması da nəzərdə tutulmuşdur.
Bundan əlavə, bu il yolun Marabra-Tetisxari-Axalkalaki stansiyasına qədər olan hissəsində yenidənqurma işlərinin tamamlanması nəzərdə tutulmuşdur. Axalkalaki stansiyasında vaqon arabacıqlarının dəyişdirilməsi üçün stansiyanın layihələndirilməsi və tikintisi, eyni zamanda Türkiyə ərazisində torpaq yataq işlərinin başa çatdırılması da planlaşdırılmışdır.