MƏDƏNİYYƏT
Bakı Uşaq Teatrında Dövlət Bayrağı Günü münasibətilə “Vətən” tamaşası nümayiş olunmuşdur
Bakı, 10 noyabr (AZƏRTAC). Noyabrın 9-da Bakı Uşaq Teatrında Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rəsmi və bədii hissədən ibarət tədbirdə teatrın direktoru və bədii rəhbəri İntiqam Soltan bildirmişdir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 9-u Azərbaycan Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu bayramın təsis edilməsi Azərbaycan Prezidentinin dövlət atributlarına verdiyi dəyərin bariz nümunəsidir.
Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi Aparatının rəhbəri Qəzənfər Qasımov Azərbaycan Respublikası dövlət bayrağının tarixi haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, dövlət bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilmişdir. 1990-cı il noyabrın 17-də ilk dəfə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin iştirakı ilə 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının açılışı olmuşdur.
Digər çıxış edənlər bu əlamətdar günün qeyd olunmasının əhəmiyyətindən danışmışlar. Vurğulanmışdır ki, Azərbaycanda Dövlət Bayrağı Gününün qeyd edilməsi müstəqilliyimizin gələcəkdə daha da möhkəmlənməsinə və qüdrətlənməsinə xidmət edəcəkdir.
Sonra “Vətən” sözsüz tamaşası təqdim olunmuşdur. İntiqam Soltanın rejissoru olduğu tamaşa Azərbaycanın dövlət atributlarına - dövlət bayrağına və dövlət himninə həsr edilmişdir. Rolları aktyorlar Ruslan Mürsəlov, Rauf Hüseynov və Niyaz Qasımov ifa etmişlər.
“Vətən” tamaşası alqışlarla qarşılanmışdır.