ELM VƏ TƏHSİL
Bakı Xoreoqrafiya Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub
Bakı, 27 dekabr, AZƏRTAC
Bakı Xoreoqrafiya Akademiyasının (BXA) kollecində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
BXA-dan AZƏRTAC-a bildirilib ki, akademiyanın konsert zalında təşkil olunan tədbirdə iştirakçılara ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr və həmrəylik gününün təsis edilməsi haqqında məlumat verilib.
Sonra vətənpərvərlik mövzusunda çıxışlar olub. Tələbələr şeirlər söyləyib, səhnəciklər nümayiş etdiriblər.
Tədbirdə, həmçinin kollecin tələbələri konsert proqramı ilə çıxış ediblər. BXA-nın müəllimləri - Xalq artisti Yusif Qasımovun quruluş verdiyi “Azərbaycan süitası”, “Yüz biri”, Əməkdar artist Səbinə Qasımovanın quruluş verdiyi “Yaylıqlarla rəqs”, “Süzən qızlar”, “Lirik rəqs”, Niyazinin “Rast” simfonik muğamı əsasında rəqs, Əməkdar artist Eteri Cəfərovanın quruluş verdiyi “Qaval rəqsi” maraqla qarşılanıb. Həmçinin Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletindən “Xonçalarla rəqs” və xalq çalğı alətləri ixtisası üzrə təhsil alan tələbələrin musiqi nömrələri təqdim olunub.