İQTİSADİYYAT
Bakıda 640 avtobus dayanacağı quraşdırılmışdır
Bakı, 28 yanvar (AZƏRTAC). Bakıda 640 avtobus dayanacağı quraşdırılmışdır.
Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, ötən il dayanacaqların quraşdırılması ilə bağlı aidiyyəti qurumlarla birgə iş aparılmış və nəzərdə tutulmuş 664 dayanacaqdan 640-ı quraşdırılmışdır. Digər 24 dayanacağın quraşdırılması isə şəhərdə gedən tikinti işləri ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müvəqqəti olaraq dayandırılmışdır.
Eyni zamanda, sərnişinlərin təhlükəsizliyi üçün vacib olan və yoldan kənarda yerləşən 61 taksi dayanacağı inşa olunmuşdur. Hazırda bu işlər davam etdirilir.
Şəhərin bir çox yerlərində yaradılması nəzərdə tutulmuş 79 müasir taksi dayanacağının ünvanları tərtib olunmuş və müvafiq sənədlər aidiyyəti orqanlarla razılaşdırılaraq pasportlaşdırılmışdır. Əlavə taksi dayanacaqlarının yaradılması üçün sənədlər hazırlanır.