CƏMİYYƏT
Bakıda “Açıq rəf” layihəsinin təqdimatı olacaqdır
Bakı, 13 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbələr Şəbəkəsi və Dünya İqtisadi Forumunun Qlobal Gənclər Birliyinin Bakı nümayəndəliyi “Açıq rəf” layihəsini həyata keçirəcəkdir.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 14-ü İçərişəhərdə (Arxeologiya bağı, Əzim Əzimzadənin heykəlinin yanı) “Açıq rəf” layihəsinin təqdimat mərasimi keçiriləcəkdir.
Mərasimdə rəsmi qonaqların, müxtəlif gənclər təşkilatları rəhbərlərinin, fəalların, gənc yazarların və media nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur.
Layihənin əsas məqsədi gənclərin diqqətini ədəbiyyata cəlb etmək, yeni nəsildə kitab oxumağa həvəsi artırmaq, eləcə də ölkəmizdə yaşayan xarici vətəndaşları Azərbaycan haqqında kitab vasitəsilə məlumatlandırmaqdır.