İQTİSADİYYAT
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinə üzv ölkələrin işçi qrupun iclası keçirilmişdir
Bakı, 21 aprel (AZƏRTAC). Azərbaycan Nəqliyyat Nazirliyində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinə (AQEM) üzv ölkələrin nəqliyyat dəhlizlərinin təhlükəsiz və səmərəli fəaliyyət sistemi üzrə işçi qrupun iclası keçirilmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə AQEM katibliyindən, eləcə də Azərbaycan, Türkiyə, Rusiya, Misir, Çin, Yaponiya, Koreya Respublikası, Hindistan, İraq, Qazaxıstan, Pakistan və İsraildən nümayəndələr iştirak etmişlər. İclasda nəqliyyat infrastrukturunun inkişafı, tranzit siyasəti, gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi, gömrük infrastrukturu, nəqliyyat dəhlizlərinin təhlükəsizliyi, qeyri-qanuni miqrasiya və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.
Tədbirdə ölkəmizdə müvafiq sahələr üzrə görülən işlər və həyata keçirilən layihələr barədə ətraflı məlumat verilmiş, icra olunan infrastruktur layihələri, həmçinin digər nümayəndə heyətlərinin infrastrukturun inkişafı istiqamətindəki fəaliyyətləri ilə bağlı təqdimatlar keçirilmiş, gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunmuşdur.
Sonda qəbul olunmuş yekun sənəddə nəqliyyat dəhlizlərinin təhlükəsiz və səmərəli fəaliyyət sistemi üzrə işlərin davam etdirilməsinin zəruriliyi barədə razılıq əksini tapmışdır.
Qeyd edək ki, AQEM Asiyada sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığın həyata keçirilməsi məqsədi ilə yaradılmışdır. Hazırda təşkilata 23 dövlət üzvdür. Eyni zamanda, təşkilatda 9 dövlət və 3 beynəlxalq təşkilat (BMT, ATƏT və Ərəb Dövlətləri Liqası) müşahidəçi statusuna malikdir.