MƏDƏNİYYƏT
Bakıda Avropa İttifaqının “EuroEast Culture” - Şərq Tərəfdaşlıq ölkələri üzrə Mədəniyyət Proqramı çərçivəsində seminar keçirilmişdir
Bakı, 23 noyabr (AZƏRTAC). Noyabrın 21-22-də “Bakıda” Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin, müxtəlif mədəniyyət müəssisələri əməkdaşlarının, QHT-lərin və digər müvafiq qurumların iştirakı ilə Avropa İttifaqının “EuroEast Culture” - Şərq Tərəfdaşlıq ölkələri üzrə Mədəniyyət Proqramı çərçivəsində seminar keçirilmişdir.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva seminarın açılış mərasimində çıxış edərək bildirmişdir ki, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, habelə ümumbəşəri dəyərlərin beynəlxalq münasibətlər sistemində təbliği Mədəniyyət və Turizm Nazirliyinin prioritet vəzifələrindən olduğu üçün biz bu istiqamətdə nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə daim hazırıq.
Seminarda vurğulanmışdır ki, Avropa İttifaqının Şərq Tərəfdaşlıq ölkələri üzrə Mədəniyyət Proqramı mədəniyyət sahəsinin inkişafına xidmət edəcək əlavə maliyyə vəsaitlərinin cəlb olunmasına və yeni menecment üsullarının aşılanmasına yönəlmişdir. Bu kimi beynəlxalq təşəbbüslər Azərbaycanda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iqtisadi müstəqilliyini təmin edə biləcək qrant və layihə təcrübəsinin geniş tətbiq olunmasına müsbət təsir göstərdiyinə görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən daim dəstəklənir.