REGİONLAR
Bakıda Azərbaycan ilə Braziliya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə edilmişdir
Bakı, 17 dekabr (AZƏRTAC). Dekabrın 17-də Braziliya Federativ Respublikasının ölkəmizdəki səfiri Sergio de Souza Fontes Arrudan kənd təsərrüfatı naziri İsmət Abasov ilə görüşmüşdür.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazirlikdə keçirilən görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi olmuşdur.
Nazir İ.Abasov ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi inkişafın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində aqrar sahədə əldə olunan nailiyyətlər, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğı haqqında məlumat vermişdir.
Nazir bildirmişdir ki, coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, Azərbaycan və Braziliya arasında artıq dostluq və əməkdaşlıq münasibətləri təşəkkül tapmış, iki ölkə arasında bir çox sahələrdə anlaşma və səmərəli əməkdaşlıq üçün zəmin yaranmışdır. Hər iki ölkənin iqtisadi tərəqqisində neft-qaz sənayesinin böyük rola malik olmasına baxmayaraq, dövlətlərimiz qeyri-neft sektorunda, xüsusilə də kənd təsərrüfatı sahəsində böyük ənənəyə malikdir.
İ.Abasov Azərbaycanın Braziliya ilə bütün sahələrdə əməkdaşlığa böyük önəm verdiyini nəzərə çatdırmışdır.
Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin hüquqi bazasının yaradılması məqsədi ilə “Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmasının sürətləndirilməsi məsələsi müzakirə olunmuşdur.
Nazir Azərbaycanda məcburi köçkünlərin və yerli fermerlərin həyat səviyyəsinin yaxşılaşdırılması sahəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təcrübəsinin ölkənin digər rayonlarında da Braziliyanın iştirakı ilə tətbiqini məqsədəuyğun hesab etmişdir.
İ.Abasov iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı bir sıra təkliflər də irəli sürmüşdür.
Səfir fəaliyyəti dövründə iki ölkə arasında aqrar sahədə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini söyləmişdir.