Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Azərbaycan-İran biznes forumu keçirilib VİDEO

Bakı, 13 noyabr, AZƏRTAC

Noyabrın 13-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani biznes forumda iştirak ediblər.

Dövlət başçıları biznes forumda nitq söylədilər.

Azərbaycan Prezidenti İlham Əliyevin

nitqi

- Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Sizinlə bərabər İrandan gəlmiş və bu gün bizimlə birlikdə olan bütün dostlarımızı salamlayıram.

Dünən Sizin Azərbaycana rəsmi səfəriniz başlamışdır. Biz dünən çox geniş fikir mübadiləsi aparmışıq. Bir çox məsələlər müzakirə olundu. Tam əminəm ki, bu səfərdən sonra İran-Azərbaycan əlaqələri sürətli inkişafına davam edəcəkdir.

Biz Sizinlə bu il artıq dördüncü dəfədir ki, görüşürük. İstəyirəm bunu iş adamları da bilsinlər ki, bu, özlüyündə bir göstəricidir. Onu göstərir ki, bizim təmaslarımız çox əhəmiyyətlidir, dəyərlidir. Biz bütün məsələləri müzakirə edirik və aramızda qarşılıqlı anlaşma mövcuddur. Əlaqələrin belə intensiv olması çox müsbət haldır. Çünki biz dost və qardaş ölkəyik, bizim xalqlarımız əsrlər boyu bir-biri ilə sıx təmasda olublar. Biz daim bir-birimizin yanında olmuşuq, bir-birimizə dəstək, arxa olmuşuq. Bu gün isə iki suveren, müstəqil dövlət kimi biz öz münasibətlərimizi bu möhkəm tarixi əsaslar üzərində qururuq.

Son dövrlərdə müşahidə olunan əlaqələr, onların səmimiliyi bizi çox ruhlandırır. Əminəm ki, bu əlaqələr gələcək illərdə daha da güclü olacaq və müzakirə edilən bütün məsələlər, müəyyən etdiyimiz layihələr həyatda öz əksini tapacaqdır.

Mənim bu ilin aprelində İran İslam Respublikasına rəsmi səfərim də çox uğurlu olmuşdur. Əminəm ki, bu səfərin də nəticələri çox dəyərli olacaq.

Biz dünən həm siyasi, həm iqtisadi, həm mədəni əməkdaşlığı, bütün digər məsələləri çox geniş və səmimi şəkildə müzakirə etdik. Bu gün burada toplaşan insanlar iş adamlarıdır. Onların böyük maliyyə və biznes imkanları var. Biz çox istəyirik ki, iqtisadi əməkdaşlıq da siyasi əməkdaşlığın səviyyəsinə qalxsın. Buna nail olmaq üçün yaxşı imkanlar var. Hökumətlərarası komissiya çox fəal işləyir. Komissiyanın hər iki həmsədri bu işlərə çox böyük məsuliyyətlə yanaşır və biz artıq gözəl nəticələri görürük. Dünən və aprel ayında imzalanan çoxsaylı sənədlər gələcəkdə iqtisadi sahədə daha da böyük imkanlar açacaq.

Biz çox istəyirik ki, iş adamlarımız bir-biri ilə daha da sıx əlaqədə olsunlar. Azərbaycanda müxtəlif sahələrdə yüzlərlə İran şirkəti fəaliyyət göstərir. Onlar üçün Azərbaycanda gözəl şərait yaradılıbdır. Hesab edirəm ki, onlar öz fəaliyyətindən razıdırlar.

Bütövlükdə Azərbaycanda çox müsbət sərmayə mühiti yaradılıbdır. Azərbaycana xarici sərmayələr qoyulur. Birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan postsovet məkanında lider dövlətdir. Təkcə keçən il ölkə iqtisadiyyatına 28 milyard dollar sərmayə qoyulmuşdur ki, bunun da 30 faizi xarici sərmayədir.

Yəni, bu, özlüyündə onu göstərir ki, xarici investorlar Azərbaycanın gələcəyinə inanırlar. Azərbaycanda yaranmış investisiya, biznes mühiti onları qane edir. Əks təqdirdə Azərbaycana bu qədər vəsait qoyulmazdı. Hər il təxminən 20-25 milyard dollar sərmayənin qoyuluşu növbəti illərdə də gözlənilir. Biz çox istəyirik ki, İran şirkətləri Azərbaycana daha da böyük həcmdə sərmayə qoysunlar, eyni zamanda, Azərbaycanın özəl və dövlət şirkətləri İrana sərmayə yatırsınlar. Dünən cənab Prezident ilə bu məsələləri müzakirə etmişik. İnfrastruktur, sənaye layihələri, digər xidmət sektorları üzrə böyük imkanlar var.

Həm İranın, həm Azərbaycanın iqtisadiyyatı dinamik inkişaf edir. Biz özümüzü təmin edən ölkələrik. Xarici kreditlərdən asılı ölkələr deyilik. İqtisadi müstəqillik əlbəttə ki, ölkələrimiz üçün çox böyük mənfəətdir, o cümlədən siyasi mənfəətdir. Çünki iqtisadi müstəqillik olmadan ölkə tam müstəqil siyasət apara bilməz. İran və Azərbaycan beynəlxalq arenada müstəqil siyasət aparan ölkələrdir. Hesab edirəm ki, biz bu baxımdan bəzi ölkələrdən böyük dərəcədə fərqlənirik.

Ona görə qarşılıqlı sərmayə qoyuluşu, əlbəttə ki, gözəl siyasi əlaqələr fonunda mümkündür. Bu da var. Bu gün bizim siyasi əlaqələrimiz, deyə bilərəm ki, ən yüksək səviyyədədir və biznes qurumları bu gözəl imkanlardan istifadə etməlidirlər. Eyni zamanda, İran şirkətləri Azərbaycanda müxtəlif layihələrdə iştirak edirlər. İnfrastruktur layihələrinin icrasında onların fəaliyyəti çox müsbətdir, uğurludur. Nəzərə alsaq ki, gələcəkdə Azərbaycanda böyük infrastruktur layihələri icra olunacaq, əlbəttə, İran şirkətləri bu imkanlardan istifadə etməlidirlər.

Azərbaycana növbəti illərdə də həm dövlət, həm özəl sektor tərəfindən böyük investisiya qoyulacaq. Ona görə bugünkü biznes forumda Azərbaycanın gələcək planları da təqdim ediləcəkdir ki, İran şirkətləri hansı sahədə hansı işlər görüləcəyini bilsinlər. Çünki bizdə bütün işlər beşillik proqram əsasında görülür. Artıq üçüncü Dövlət Proqramı icra edilir. Birinci proqram 2004-cü ildə qəbul edilmişdi. Bu proqramlarda hər şey açıq-aydın göstərilir - hansı şəhərdə, hansı kənddə hansı iş görüləcək, nə vaxt görüləcək, bu işi görən dövlət qurumu hansıdır. Bu proqram mətbuatda da dərc edilib. Ona görə, hər bir şirkət üçün Azərbaycanda görüləcək işlər haqqında məlumat əldə etmək o qədər də çətin deyil. Hesab edirəm ki, bu formatda aparılacaq müzakirələr yeni kontraktların imzalanmasına gətirib çıxaracaq.

Bir üstünlüyümüz də ondan ibarətdir ki, biz qonşuyuq və bizim aramızda heç bir tranzit ölkə yoxdur. Həm coğrafi nöqteyi-nəzərdən, həm bütün başqa mənalarda bizim aramızda heç kim yoxdur və ola da bilməz. Biz dünən bunu bir daha təsdiqlədik ki, ikitərəfli əlaqələrimizin böyük tarixi var. Xalqlarımız daim bir yerdə olmuşlar. Bu gün iki suveren dövlət öz gələcəyini müstəqil şəkildə qurur və heç bir üçüncü tərəf bizim aramıza girə bilməz. Biz buna imkan vermirik və verməyəcəyik. Baxmayaraq ki, belə cəhdlər var. Siz də yəqin ki, bunu izləyirsiniz, görürsünüz. Ancaq hər iki tərəfin güclü iradəsi heç vaxt imkan verməyəcək ki, münasibətlərimizə kimsə qarışsın, hansısa təxribat törətsin və beləliklə, öz istəyinə nail olsun. Bunun qarşısını alan hər iki dövlətin güclü siyasi iradəsidir və eyni zamanda, İran və Azərbaycan cəmiyyətlərinin bu siyasətə olan dəstəyidir. Bu olmasa, əlbəttə ki, işimiz yarımçıq qala bilər.

O ki qaldı Azərbaycanın iqtisadi inkişafına, son illər bu inkişaf çox sürətli olmuşdur. Son on il ərzində iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Bizim maliyyə vəziyyətimiz sabitdir. Xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. Son on ildə büdcə xərcləri 20 dəfə artmışdır. Yoxsulluq 49 faizdən 5 faizə düşmüşdür. İşsizliklə bağlı çox müsbət addımlar atılmışdır. İndi işsizlik 5 faizdən aşağıdır.

Bu iqtisadi sabitlik, maliyyə sabitliyi əlbəttə, bizə imkan verir ki, sürətlə inkişaf edək. Eyni zamanda, Azərbaycan beynəlxalq məsələlərin həllində müstəqil siyasət aparır. Beynəlxalq aləm Azərbaycanı dəstəkləyir. Əgər belə olmasaydı, biz dünyanın 155 ölkəsinin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməzdik. Yəni, gənc dövlət üçün bu, böyük bir nailiyyət idi, 155 ölkə bizə inandı, öz dəstəyini verdi və biz onların etimadını iki il ərzində doğrultmuşuq.

İqtisadi müstəqillik bizə imkan verir ki, beynəlxalq məsələlərin həllində, ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatında öz mövqeyimizi müdafiə edək. Bizim mövqeyimiz ədalətlidir, beynəlxalq hüquqa və ədalətə söykənir. Bu iki anlayış beynəlxalq münasibətlər üçün də xüsusi əhəmiyyət kəsb edir. Harada ki, beynəlxalq hüquq, ədalət pozulur, orada əlbəttə, toqquşmalar da, müharibələr də, gərginlik də olacaq. Əgər dünyada beynəlxalq hüquq və ədalət pozulmasa, müharibə də olmayacaq.

Ölkələrimizin uğurlu, inamlı inkişafı həm də ona görə daha da əhəmiyyətlidir ki, ətrafımızda bizi və dünyanı çox narahat edən proseslər gedir. Bölgə alovlanıb yanır, həm Yaxın Şərqdə, həm Avropa qitəsində toqquşmalar gedir, qanlı müharibələr aparılır. Ona görə, belə geosiyasi vəziyyətdə inamla, uğurla inkişaf etmək üçün, ilk növbədə, xalqla iqtidar arasında birlik, güclü siyasi iradə olmalıdır və əlbəttə ki, biz özümüzü iqtisadi cəhətdən təmin etməliyik.

Bizim xarici tərəfdaşlarla əməkdaşlığımız da çox müsbətdir. İran və Azərbaycan neft və qazla zəngin olan ölkələrdir. Burada da bizim maraqlarımız üst-üstə düşür. Biz dünən hörmətli cənab Prezident ilə bu məsələləri də müzakirə etdik ki, bu sahədə də əlaqələndirmə işlərimizi daha da yüksək səviyyəyə qaldıraq. Çünki neft və qaz hasil edən ölkələr kimi, əlbəttə, bizim maraqlarımız da üst-üstə düşür. Biz istəyirik ki, öz məhsullarımızı bazarlara ixrac edək. Əlbəttə istəyirik ki, qiymət də münasib, ədalətli olsun. Burada da ikitərəfli, bəlkə də gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün yaxşı imkanlar var.

Bir sözlə, demək istəyirəm ki, Prezident Ruhaninin

Azərbaycana səfərini biz çox yüksək qiymətləndiririk. Biz cənab Prezidenti Azərbaycanda səbirsizliklə gözləyirdik. Şadam ki, dünən keçirilən danışıqlar çox uğurlu olmuşdur. Əminəm ki, gələcək illərdə də İran, Azərbaycan dost və qardaş ölkələr kimi bütün sahələrdə bir yerdə olacaqlar. Əlbəttə, biznes dairələrinin fəaliyyəti bizim səylərimizə əlavə dəstək olacaqdır.

Hörmətli cənab Prezident, Azərbaycana bir daha xoş gəlmisiniz.

 
İran Prezidenti Həsən Ruhaninin

nitqi

- Cənab Prezident.

Hörmətli iştirakçılar.

Bu bölgənin iki əziz ölkəsinin - Azərbaycanın və İranın biznesmenləri, sahibkarları, sizi salamlayıram. Mənə və nümayəndə heyətimə xoşdur ki, bu fürsət bizim üçün yaranıb və biz gözəl Azərbaycanı və gözəl Bakı şəhərini ziyarət edirik.

Biz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycanın yüksək rütbəli şəxsləri ilə danışıqlar aparmışıq. Bu forum o mənanı daşıyır ki, iki ölkənin məsul şəxsləri ölkənin inkişaf yollarını və ölkələrimiz arasındakı əlaqələrin genişlənməsi ilə bağlı fikir mübadiləsi aparır, özəl sektorun nümayəndələri və sahibkarlar bu istiqamətdə fəaliyyət göstərirlər. Bu forum ona görə təşkil olunub ki, sərmayəçilər, sahibkarlar və biznesmenlər iki ölkənin imkanlarını və potensiallarını dəqiq araşdıra bilsinlər. Əlbəttə, sərmayədarlarımızın hansı sahədə daha fəal iştirak etmələri bəzi xüsusiyyətlərlə bağlıdır ki, onlar sərmayə qoyduğu sahələri yaxşı tanısınlar və bilsinlər ki, bu sərmayə sabit, dayanıqlı, faydalı olmaqla bərabər, sərmayədarın şəxsi həyatına, onun biznes işlərinə və iki ölkənin mənafeyinin təmin edilməsinə öz təsirini göstərmiş olsun. Elə bir ölkə yoxdur ki, onun üçün nisbi üstünlük olmasın. Elə bir ölkə də yoxdur ki, bütün nisbi xüsusiyyətlər məhz ona məxsus olsun. Hər ölkənin özünəməxsus üstünlükləri vardır və gərək hər iki ölkənin sərmayədarları bu üstünlükləri nəzərə alaraq kapital qoyuluşunu təşviq etsinlər.

Siyasət dünyasında bəzən cəmin hasili sabit nəticəyə səbəb olur. Müasir dünyada hazırkı İran dövlətinin mövcudluğu baxımından biz gərək qalib gəlmək düşüncəsinə və müsbət nəticənin əldə edilməsinə nail olaq. İqtisadiyyat sahəsində və sərmayə qoyuluşu məsələsində də mütləq belə olmalıdır. Hər bir ölkənin və ölkələrimizin sərmayədarları gərək elə hərəkət etsinlər ki, ölkələrimizin mənafeyi yaxşı sığortalansın.

Bizim nöqteyi-nəzərdən qalib gəlmək və məğlub olmaq heç vaxt davam edə bilməz. Əlbəttə, qısa müddət ərzində mövcud ola bilər, amma sonda uğursuzluğa düçar olacaqdır. Həmişə bütün planlaşdırma işləri qalib gəlmək prinsipinə əsaslanmalı, o cümlədən uzunmüddətli, dayanıqlı və qarşılıqlı mənafelərin təmin edilməsi diqqət mərkəzində olmalıdır. Son zamanlar sanksiyalarla və təzyiqlərlə üzləşdiyimiz dövrdə çoxsaylı dərslər öyrənə bildik. Bizim ilk dərsimiz o oldu ki, əgər bir millət iradə göstərə bilsə, sanksiyaların təsirini o qədər azalda, hətta sıfır dərəcəsinə yaxınlaşdıra, sanksiyalar şəraitində özünün iqtisadi proqramlarını həyata keçirə bilər. Bir il üç ay öncə fəaliyyətə başlayan bu hökumət qısa müddət ərzində alıcılıq qabiliyyətinin güclənməsi istiqamətində işləmiş, istehsalın artırılması üçün çalışmış, sərmayə qoyuluşunda təşviqə dəstək vermiş və iş şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərmişdir. Uzunmüddətli gələcək üçün dayanıqlı və hərtərəfli iqtisadiyyatın inkişafına maraq göstərmişdir. Biz 15 ay ərzində inflyasiyanın qarşısını ala bilmiş, bir il ərzində inflyasiyanın səviyyəsini 22 faiz aşağı salmış və inflyasiyanı 40 faizdən 19 faizə endirmişik. Mənfi inkişafı müsbət inkişafla əvəzləmişik.

Bu il indiki hökumətin ikinci fəaliyyət ilidir və biz iqtisadi inkişafa nail olacağıq. Buna görə də bir millətin iradəsi dünənki və bugünkü köhnənin üsullarından üstündür. Bir millətin vəhdəti və birliyi hətta güclü dövlətlərin qarşısında duruş gətirə bilər, müqavimət göstərər və qələbə qazanar. Amma bununla yanaşı, sanksiyalar dövründə biz başqa bir dərs də aldıq. Bu, ondan ibarətdir ki, Qərb, Avropa ölkələri, uzaq ölkələr ən ağır, böhranlı, təhlükəli gündə ölkəni və insanı kiçik bəhanələrlə tək-tənha qoyur və ona yardımçı olmur. Adi günlərdə açıq üzlə münasibət göstərir, kapital qoyuluşuna marağını ifadə edir, amma bir çətinlik yarananda yolun ortasında insanı tək qoyur. Həm xalqının mənafeyini, həm də öz mənafeyini zərbə altına qoyur. Amma qonşular belə deyillər. Ən ağır günlərdə mövcud olan əlaqələr, problemin həlli üçün imkan yarandıqda qonşular arasında səmimi və mehriban əlaqələrdən qaynaqlanır. Biz sanksiyalar dövründə onun şahidi olduq ki, qonşular bizi tək qoymadılar. Biz sanksiyalar dövründə bu dərsi öyrəndik ki, prioritet qonşularla münasibətdədir. Ticarətdə prioritet qonşularladır. Kapital qoyuluşu qonşularladır. Qarşılıqlı iqtisadi əlaqələr qonşularladır və bu gün biz bu məsələdə dünənkindən daha çox qərarlıyıq.

Biz bu yolda addımlar atırıq ki, qonşularımızla münasibətlərimiz genişlənsin və möhkəmlənsin. Xüsusilə vahid mədəniyyətimiz, dinimiz, məzhəbimiz, adət-ənənələrimiz, müştərək tariximiz olan ölkə ilə. Bu məsələdə tarix və ticarət bir-birini tamamlamalıdır. Müştərək tarix olan yerdə müştərək ticarət əlaqələri də yaranır. Bu məsələdə qonşuluq və coğrafi mövqe bizim köməyimizə çatmalıdır. Biz gərək ticarətin inkişafı və sərmayə qoyuluşu üçün ən qısa yoldan yararlana bilək. Biz həm Xəzərdə həmsərhədik, eyni zamanda, quru sərhədlərimiz vardır, həm də qarşılıqlı əlaqələrimizdə bir-birimizə yardımçı olmuş və olacağıq. Biz qonşu dövlət kimi beynəlxalq arenada Azərbaycana dəstək olacağıq və inanırıq ki, Azərbaycan dünya birliyində qonşu, dost, qardaş kimi İranın yanında olacaq.

Biz Azərbaycanı və İranı kökü bir olan ağacın qolları hesab edirik. Biz əsrlər boyu bir yerdə olmuşuq, bir yerdə yaşamışıq, bir-birimizin süfrəsinin başında əyləşmişik. Arazın bu tərəfi də, o tərəfi də qohum-qaralıdır. Ailəliklə bir-birilərinə bağlıdırlar. Keçmişi olan dostluqları vardır. Bu keçmiş böyük sərvətə malikdir və biz bu gün onunla üz-üzəyik.

Bizim qarşılıqlı mənafelərimiz var. Biz qarşılıqlı mənafeyimizi həm bölgədə, həm də dünyada təmin etməkdə qərarlıyıq. Bizim ölkələrimiz terrorizmin, radikalizmin, ixtilaf və təfriqələrin, dağıdıcı müharibələrin bölgəmiz üçün necə böyük bəla olduğunu yaxşı bilir. Nə üçün uzun illər ixtilafda olmuş, müharibə etmiş, qan tökmüş bəzi ölkələr Avropa İttifaqı adlanan qurumda toplaşır, hətta müştərək qanunlar qəbul edir, vahid pul və qarşılıqlı ticari proqramlar, sərhədlərin açılması istiqamətində fəaliyyət göstərir, amma Azərbaycan və İran, biz müsəlmanlar, qonşular, dostlar, qədim və müştərək mədəniyyətə malik olanlar günbəgün bir-birimizə yaxınlaşmayaq?

Azərbaycan haqqında mənim hisslərim ondan ibarətdir ki, bu dövlət əlaqələrin genişlənməsində qərarlıdır. İran İslam Respublikasının da əlaqələrin, o cümlədən iqtisadi, mədəni, siyasi əlaqələrin genişlənməsi, regional və beynəlxalq təhlükəsizlik məsələlərində əməkdaşlıq üçün ciddi iradəsi vardır. Biz də Azərbaycan ilə əlaqələrin genişlənməsində maraqlıyıq. Biz Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdənik. Biz ölkənizin müstəqilliyinin ilk günlərində var gücümüzlə sizin köməyinizə yetişdik və sizin yanınızda idik. Siz o xalqsınız ki, Arazın o tayında sizin istiqlalınızı sevinclə qarşılayanların şahidisiniz. Onun da şahidisiniz ki, Arazın o tayındakılar bu istiqlalı gülər üzlə qarşılayırdılar. Biz o ölkəyik ki, ağır günlərdə, müharibədə, mübariz Azərbaycan xalqının apardığı savaşda onun köməyinə çatdıq. Allah göstərməsin ki, Azərbaycan çətinliklərlə üzləşsin, əgər Allah eləməmiş, çətin bir gün yetişərsə, Azərbaycan xalqı arxayın olmalıdır ki, İran Azərbaycanın yanında olacaq.

Bu gün bizim üçün sevincli gündür. Bu günün şahidiyik ki, iki ölkənin ali rütbəli rəsmiləri, özəl sektorun nümayəndələri, sərmayədarlar, sahibkarlar bir tavanın altında - Azərbaycanın müstəqilliyinin banisi, mərhum Heydər Əliyevin adını daşıyan əzəmətli binada yığışıblar. Heydər Əliyev Azərbaycan-İran dostluğunun əsasını qoyub ki, bu gün onun imzasını bu möhtəşəm binada görürük.

Biz əməkdaşlığın genişlənməsi və əlaqələrimizin dərinləşməsi üçün böyük imkanlara malikik. Mən dünən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bildirdim ki, sərhədlərimiz, yollarımız, tranzitimiz, gediş-gəlişimiz, vizaların verilməsi, bank sektoru gərək bizim köməyimizə yetişsin. Gərək bank sektoru pul mübadiləsini asanlaşdırsın, ölkələrimizin Xarici İşlər nazirlikləri vizaların verilməsi, biznesmenlərin və vətəndaşların səfərləri üçün qaydaların sadələşdirilməsi istiqamətində fəaliyyət göstərsin. Eyni zamanda, gömrük rüsumlarının, həmçinin yük maşınlarına aid olan rüsumların azaldılması və hətta getdikcə bu rüsumların sıfıra endirilməsi, səfərlərin asanlaşdırılması kimi işlərin nəticəsində həm malların göndərilməsi, həm də sərmayələrin işlədilməsi ilə bağlı əlverişli şərait yaradılsın.

Biz enerji mənbələrinə malik olan ölkələrik. Bu gün Azərbaycan neft və qaz ixrac edən ölkə kimi tanınır. Biz də onilliklərdir ki, böyük neft və qaz ixracatçısı kimi tanınırıq. Biz gərək bir-birimizin təcrübəsindən bəhrələnək. Bizim neft və qaz sənayesi sahəsində böyük təcrübəmiz vardır və bu təcrübəni sizinlə bölüşə bilərik. Bizim qarşılıqlı kapital qoyuluşu sahəsində təcrübəmiz vardır. Biz gərək enerji sahəsində qarşılıqlı investisiya qoyuluşunda iştirak edək. Biz gərək icazə verməyək ki, zəngin neft mənbələri Xəzərin dibində qalsın. Biz gərək neft mənbələrini hərəkətə gətirək və birlikdə onun hasilatına, istehlakına, satışına nail olaq, əldə olunan mənfəəti xalqlarımıza ərməğan edək. Əgər bizim aramızda kiçik problemlər yaranarsa, onu birlikdə həll edək.

Bizim bəndlərin tikintisində, elektrik stansiyalarının inşasında, infrastrukturun yaradılmasında, yolların və dəmir yollarının çəkilməsində böyük təcrübəmiz vardır və bu sahələrdə əməkdaşlıq edə bilərik. Siz bizim ölkəmizdə, biz də sizin ölkənizdə qarşılıqlı fəaliyyətlər göstərə bilərik. Biz qarşılıqlı sərmayə qoyuluşu ilə sərhədlərin yaxınlığında kiçik şəhərlər yarada bilərik. Biz sərhəd boyu azad iqtisadi zonalar təşkil edə bilərik. Sərhədyanı bölgələr arasında əlaqələri genişləndirə bilərik. İnsan potensialı nöqteyi-nəzərindən bizim savadlı kadrlarımız vardır. Biz bir-birimizin insan resurslarından istifadə edə bilərik. Arzulayardıq ki, təhsil görmüş iranlı Azərbaycanda çalışsın, ölkələrimiz inkişaf etsin və mütəxəssislərimiz ölkələrimizin rifah halının yaxşılaşmasına töhfə versinlər. Biz gərək Azərbaycan ilə İran arasındakı yolun gedişli-gəlişli olmasına çalışaq, həm malların daşınması, həm də insanların səfərləri üçün.

Biz müxtəlif sahələrdə əməkdaşlıq üçün hazırıq. İran əlaqələrin genişlənməsində qərarlıdır və qonşularla, xüsusilə də Azərbaycan ilə münasibətlərin dərinləşməsində maraqlıdır. Əlavə etmək istəyirəm ki, Azərbaycan Avropa ilə əlaqələrin yaradılmasında körpü rolunu oynayır. Biz istərdik ki, Azərbaycan İranı Qara dənizlə, Poti və Batumi limanları ilə birləşdirsin. İran da öz növbəsində Azərbaycanı Bəndər-Abbas, Abadan və Xorrəmşəhrlə birləşdirsin. Biz iki qitə arasında birləşdirici böyük körpü ola bilərik. Biz regional məsələlərin həlli üçün üçtərəfli, dördtərəfli, beştərəfli formatlar təşkil edə bilərik. Azərbaycan-İran-Rusiya, İran-Azərbaycan-Gürcüstan, İran-Azərbaycan-Türkiyə, İran-Azərbaycan-Türkmənistan, İran-Azərbaycan-Qazaxıstan formatlarında geniş əməkdaşlıq əlaqələri yarada bilərik.

Bir neçə həftədən sonra İncəburunda İran-Türkmənistan-Qazaxıstan dəmir yolu xəttinin birləşdirilməsinin şahidi olacağıq və bu mərasimdə hər üç ölkənin prezidentləri iştirak edəcəklər. Ehtimal olunur ki, başqa ölkələrin nümayəndələri də bu tədbirdə iştirak etsinlər. Biz o günün arzusundayıq ki, Astarada Azərbaycan-İran dəmir yolunun açılışında iştirak edək.

Biz gözəl Xəzər dənizinin sahilindəyik. Dədə-babalarımızdan, əcdadlarımızdan bizə miras qalan Xəzərin sularını pak və şəffaf saxlamaq, ekoloji tələbləri nəzərə alaraq gələcək nəsillərə ötürmək bizim öhdəmizə düşən vəzifədir. Azərbaycan və İran xalqları bu dənizin sahilində uzun illərdir birlikdə yaşamışlar və bu gün daha yaxşı həyata sahib olmalıdırlar. Biz Xəzər dənizindən faydalanmaq üçün bütün mövcud imkanlardan, dəniz turizmindən tutmuş bioloji mühit, enerji, gəmiçilik və digər sahələrdən maksimum istifadə etməliyik. Biz inkişaf etmiş elmlər, nanotexnologiyalar və biotexnologiya, əczaçılıq sahələrində nailiyyətlər qazanmışıq. Biz bu sahələrdə əməkdaşlıq edə bilərik. Biz dərman preparatlarının hazırlanması məqsədilə birgə mərkəz yarada bilərik. Siz bilirsiniz ki, İranın dərman preparatları Avropanın ən inkişaf etmiş ölkələrinin standartlarına cavab verir. Biz bütün sahələrdə Azərbaycan xalqının yanında dayana bilərik. Mən çox şadam ki, noyabr ayında burada İranın ixtisaslaşdırılmış sərgisi keçiriləcəkdir və bugünkü toplantıdan da çox məmnunam. Gərək istedadları, potensialları və imkanları birgə bölüşək. İnanıram ki, Azərbaycan dövləti və şəxsən Azərbaycan Respublikasının Prezidenti, möhtərəm cənab İlham Əliyev və İran dövləti və şəxsən İran Prezidenti sizin fəaliyyətlərinizi, ticari əlaqələrinizi, qarşılıqlı sərmayə qoyuluşunuzu dəstəkləyəcək. Hər hansı bir maneə yarandığı təqdirdə onu aradan qaldıracağıq və iki millətin mənafeləri naminə iş adamları və sahibkarlar üçün bütün şəraiti yaradacağıq. Çox sağ olun.

X X X
Sonra biznes forum Azərbaycan və İran iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

Tədbirdə Azərbaycan və İran tərəfindən sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, səhiyyə, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox iş adamı iştirak edib.

Forumda Azərbaycanın biznes və investisiya imkanlarına, Sumqayıt Kimya Sənaye Parkı və burada rezidentlər üçün nəzərdə tutulan güzəştlərə, İranın biznes mühiti və hər iki ölkənin iş adamları arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair məlumat verilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Bakıda Azərbaycan-İran biznes forumu keçirilib VİDEO

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib